“Ermənistan bilməlidir ki, Azərbaycan o döyülən əsgərimizin heyfini çıxacaq”
Azərbaycan Ordusunun itkin düşən əsgəri Axundov Hüseyn Əhliman oğlu Ermənistan ərazisində saxlanılıb. Onun Qafan rayonunda tutulduğu bildirilir. Sosial şəbəkələrin erməni seqmentində azərbaycanlı əsgərin foto və videoları yayılıb. Kadrlardan görünür ki, H.Axundov Ermənistanda saxlanıldıqdan sonra amansız işgəncələrə məruz qalıb.
Bununla bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistan yenə özünün iç üzünü göstərib:
"Azərbaycanla Ermənistan arasında müharibə başa çatıb, tərəflər arasında sülh müqaviləsi üzərində iş gedir və Azərbaycan Ermənistanla yaxşı münasibətlər qurmaq istəyini bildirib. Amma erməni tərəfdən bu günlərdə təsadüfən Ermənistan tərəfə keçən əsgərimizə qarşı olan zorakılıq göstərdi ki, Ermənistanın içində yenə də Xocalı soyqırımı, ayrı-ayrı kəndlərimizdə insanlarımızı qətlə yetirməsi, əsirlərimizə Birinci Vətən müharibəsində göstərdiyi vəhşilik hissi yenə də qalmaqdadır".
Deputat vurğulayıb ki, əsirə qarşı beynəlxalq hüquq normalarına görə, humanistlik göstərilməlidir:
"O, zədəlidirsə, tibbi yardım göndərilməlidir. Onun öz ailəsi ilə əlaqə saxlaması üçün şərait yaradılmalıdır və tezliklə qarşı tərəfə verilməlidir. Azərbaycan tərəfi hətta Vətən müharibəsi günlərində əsir düşən yaralı erməni əsgərinin yarasını sarıdı, onlara qarşı maksimum humanistlik göstərdi və geri qayıdan erməni əsgərlərinin biri belə Azərbaycan haqqında pis fikirlər söyləmədi. Ancaq Ermənistan zorla yerə uzadaraq Azərbaycan əsgərinə qarşı zorakılı edir. Onun üzünə təpiklə zərbə endirilməsi, Ermənistanın bu gün Azərbaycana qarşı içində saxladığı nifrət, kin-küdurətdir. Bu, onu göstərir ki, biz çox çətin bir ölkə ilə qonşuyuq. İstənilən vaxt onlardan istənilən hərəkəti gözləmək olar. Amma bildirim ki, bu video yayılsa da, çox təəssüf ki, beynəlxalq təşkilatlar buna münasibət bildirməyəcək. Ermənistanı həmişə müdafiə edən Fransa susacaq, Ermənistanın bu video ilə bağladığı yalana inanacaqlar. Hətta bəlkə Azərbaycanı günahlandırdılar. Ancaq Ermənistan bilməlidir ki, Azərbaycan o, döyülən əsgərimizin heyfini çıxacaq. Biz bunu belə qoymayacayıq. Ermənistan bunun cavabını alacaq. Biz əsgərimizi geri istəyəcəyik və həmin döyən erməni əsgəri öz cəzasını mütləq alacaq"