Cəmiyyət 8 Avqust 2022, 15:47 | Baxış sayı: 207
"Ermənistan artıq həmin əraziləri öz halal sahiblərinə qaytarmaq məcburiyyətindədir".

“Ermənilər Laçın şəhəri və Zabux kəndini boşaldırlar. Laçının adını dəyişməyə cəhd edən Ermənistan artıq həmin əraziləri öz halal sahiblərinə qaytarmaq məcburiyyətindədir. Sosial şəbəkələrdə, xüsusən də Twitter-də bir sıra erməni ekspertlər və lobbistlər Laçın şəhərini tərk etmələrini guya öz “tarixi yurdlarından” çıxma kimi təqdim etməyə çalışırlar”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramov qeyd edib ki, çox da uzaq olmayan tarixə real faktlar ilə nəzər salsaq, keçmiş SSRİ dövründə Laçın rayonunda əhalinin son siyahıya alınması 1979-cu ildə həyata keçirilib: “Həmin siyahıyaalmaya əsasən, rayonun 47 min 261 sakini olub. Sovet siyahıya almasına əsasən etnik tərkibə gəldikdə, sakinlərin 44 min 665-i Azərbaycanlı, 2 min 437-si Kürd olub. Siyahıya alma zamanı rayonda cəmi 34 ermənin yaşadığı qeydə alıb. Bu isə o deməkdir ki, əhalinin 94.5 faizi Azərbaycanlı, 5.1 faizi müsəlman Kürdlər olub. Azərbaycanlılar və etnik Kürdlər bir ailə kimi yaşayaraq sonradan erməni işğalından sonra da birgə rayonu tərk etmək məcburiyyətində qaldılar. Ümumi əhalinin etnik strukturunda hətta tam rəqəmlə ifadə oluna bilməyən ermənilər Laçın şəhərinə belə iddia etməkdən çəkinmirdilər. 1992-ci ildə Laçın işğal olunanda 65 min 507 sakin məcburi köçkün kimi Azərbaycanın 59 rayon və şəhərlərində məskunlaşdılar”.

 

Deputat əlavə edib ki, Zabux kəndi Azərbaycanın ən səfalı yerlərindən hesab olunur: “Kəndin etnik tərkibi tarixən hər zaman azərbaycanlılar olub. Hazırda kəndin 600-dən çox sakini məcburi köçkün həyatı yaşasalar da onların öz doğma ata-baba yurdlarına qayıtmaqlarına çox az zaman qalıb. Kənd işğal olunandan sonra ermənilər tərəfindən xarabalığa çevrildi. Daha sonra 2003-cü ildə erməni diasporu kənddə kilsə inşa edib. 2013-ci ildə sonra isə ermənilər kənddə qeyri-qanuni məskunlaşmağa başlayıblar.  Livanlı erməni biznesmenlərə məxsus “Ari” fondunun maliyyəsilə salınan qəsəbədə 150-dən çox ev tikilib. Zabux kəndi daxil olmaqla bütövlükdə Laçın rayonunu böyük iqtisadi potensialı var. Laçın turizm, sənaye, kənd təsərrüfatı sektorlarında müqayisəli üstünlüyə malikdir. Qısa zamanda rayonun dağıdılmış iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına re-inteqrasiyası mümkün olacaq. Azərbaycan bölgədə sülhün əldə edilməsində maraqlıdır. Davamlı sülh sadəcə ölkələrin bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanınması halında mümkündür”.

Xəbərlər