Siyasət 16 İyun 2023, 15:47 | Baxış sayı: 123
"Ermənilərin Laçın yolu ilə hərəkət imkanlarını Ermənistan özü məhdudlaşdırdı"

"Dünən səhər saatlarında ölkəmizin dövlət sərhədləri daxilində Laçın yolundakı sərhəd-buraxılış məntəqəsinə qarşı Ermənistanın silahlı qüvvələri tərəfindən törədilmiş hərbi təxribat nəticəsində Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralandı. Əslində, Ermənistanın bu təxribatı gözlənilən idi. Çünki, Laçın sərhəd-buraxılış məntəqəsi açıldığı andan etibarən Ermənistanın rəsmi şəxsləri və havadarları ağız köpüyü ilə Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin guya blokada şəraitində olduğunu, yaşadıqları ərazilərin qaz və elektrik enerji təminatının kəsildiyini, hətta utanmadan etnik təmizləməyə məruz qaldıqlarını bildirirdilər, bununla da dünya ictimaiyyətini çaşdırmağa cəhd göstərirdilər".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. 

Deputat bildirib ki, ermənilərin bu cür çirkin yalan kampaniya cəhdləri baş tutmadı:

"Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, erməni sakinlərinin məntəqədən təhlükəsiz, sərbəst və maneəsiz keçidi təmin edilirdi, bu proses onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün əlverişli şərait yaradırdı. Lakin Ermənistan və onun havadarları bunu heç cür həzm edə bilmədi. Çirkin cəhdlərin uğursuzluğunu görən Ermənistan yenə ənənəvi üsula - dövlət siyasətinin tərkib hissəsi olan hərbi təxribatlara əl atdı, regionda onsuz da qeyri-sabit olan vəziyyəti daha da gərginləşdirdi. 
Göründüyü kimi, Ermənistan yeni reallıqlarla barışmaq istəmir. Ya da bunu etməyə ona imkan və icazə vermirlər. Bu cür davranış açıq-aşkar göstərir ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasında, sülh danışıqlarının davam etdirilməsində, bölgədə sülh və sabitliyin bərqərar olunmasında nəinki maraqlı deyil, əksinə bu prosesləri sarsıtmaq və regionda gərginliyi artırmaq niyyətindədir. 

Dünənki təxribat isə Ermənistanın son dövrlərdə münasibətlərin normallaşması ilə bağlı ifadə etdiyi pozitiv ritorikanı çox böyük şübhə altına qoydu".

Deputat qeyd edib ki, Azərbaycan həmişə olduğu kimi, dünənki təxribatın da qarşısını qətiyyətlə alıb, düşmənə layiqli cavab verib:

"Təxribatı törədənlər zərərsizləşdirildi, Laçın sərhəd-keçid məntəqəsindən keçid müvəqqəti dayandırıldı. Təxribatın nəticəsi isə odur ki, Ermənistan Qarabağ ermənilərinin Laçın yolu ilə sərbəst hərəkət imkanlarını məhz özü, öz çirkin hərəkətləri ilə məhdudlaşdırdı. Heç kimdə şübhə qalmamalıdır ki, Azərbaycan bundan sonra da sərhədlərinin təhlükəsizliyini və toxunulmazlığını qorumaq üçün bütün zəruri addımları atacaq!".

Xəbərlər