Siyasət 1 Avqust 2023, 15:51 | Baxış sayı: 135
“Ermənilər təxribat törədib, on-on beş nəfəri öldürə, öz başlarına bomba da yağdıra bilərlər”

“Ermənistandan bütün addımları gözləmək mümkündür. TIR-larla göndərilən ərzaqların zəhərli olması və Xankəndində yaşayan ermənilərin qəsdən zəhərləndirilməsi barədə məlumat varsa, bəlkə də, doğru ola bilər. Yəqin ki, bunun da arxasında müəyyən məqsədləri dayanır. TIR-larla ərzaq göndərmək isə şou xarakterlidir. Bu, ermənilərin reklam kampaniyasıdır, “çarəsizlikləri”, “ümidsizlikləri”, “blokadada yaşamaları” və “humanitar yük”lərlə dolu maşınların sərhəddə gözləməsi - bunların bütün dünyaya nümayiş etdirilməsi, təbii ki, Azərbaycana təzyiq vasitəsidir. Azərbaycan bunu çox yaxşı bilir. Azərbaycan ermənilərin qarşısından geri çəkilsə, azacıq da olsa zəiflik göstərsə, onlar təzyiqlərini daha da artıracaqlar. Bu günə qədər Azərbaycan nəinki təzyiqlərə davam gətirib, həm də gündən-günə ritorikasını sərtləşdirir, Ermənistan qarşısında daha sərt tələblər qoyur”.

 

Bu sözləri açıqlamasında Milli Məclsiin deputatı Razi Nurullayev deyib.

 

Deputat bildirib ki, Ermənistan bu gün son çabalarını etməkdə, son metodlarını işlətməkdədir: “Bunlar fayda vermədikcə Ermənistanda yaşayan qüvvələr, Ermənistan rəhbərliyində təmsil olunanlar daha çox ruhdan düşəcəklər. Sonda, təbii ki, Azərbaycan deyən olacaq. Ya ermənilər Azərbaycan ərazisində alış-veriş edəcəklər, Ağdam-Xankəndi yolundan istifadə edəcəklər, ya da Azərbaycan bütövlükdə Laçın yolunu bağlayacaq. Çünki bu gün Azərbaycan əhalisi Ermənistan sərhədindən keçərək ora gedib-gələ bilmir. Hərçənd ki tarixi yurdumuz, insanlarımızın evləri hələ də Zəngəzurdadır. Uçulub, dağılıb, xarababazara çevrilib. Niyə insanlarımız Zəngəzura gedə bilmirlər? Niyə Ermənistandan didərgin salınan 350-400 min azərbaycanlı ev-eşiyinə qayıda bilmir? Belə halda bunlar bizim sərhədlərimizi necə “su yolu”na döndərə bilərlər? Azərbaycan hələ ki üçtərəfli sazişin müddəalarına istinadən, hörmət edərək xəstələrə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə Laçın yolundan istifadəyə icazə verib. Düşünürəm, yaxın zamanlarda Azərbaycan Laçın yolunu tamamən bağlayacaq, Ermənistan və Azərbaycanın bu sahədə hərəkətləri sinxronlaşacaq. Sən icazə verirsənsə, mən də verirəm, əks halda, mən də icazə vermirəm... Belə olacaq. Laçın yolu heç cür birtərəfli işləyə bilməz. Təxribat törədib, on-on beş nəfəri öldürə, öz başlarına bomba da yağdıra bilərlər. Nə desən edərlər ki, bütün bunları Azərbaycanın üzərinə atsınlar, nəticədə Azərbaycana beynəlxalq təzyiqi gücləndirsinlər. Amma heç biri fayda verməyəcək. Azərbaycan qətiyyən bir addım da geri çəkilməli deyil. Əksinə, biz hər gün iki addım önə getməliyik. Ritorikamız, əməlimiz sərtləşməlidir ki, bütün dünya da, ermənilər də görsünlər, Azərbaycan nəinki geri çəkilmək, zəiflik göstərmək niyyətində deyil, əksinə, daha da çox öz ərazi bütövlüyünü təmin etmək, Qarabağda yaşayan erməniləri Azərbaycana reinteqrasiya etmək üçün bütün səylərini 100%-in üzərində göstərməkdədir. Gündən-günə bunu daha güclü edir”.

pravda.az

Xəbərlər