Siyasət 25 Aprel 2023, 14:57 | Baxış sayı: 172
“Ermənilər nə qurublarsa, bizə aidiyyatı yoxdur, Azərbaycan sərhəd-keçid məntəqəsi qurmalı idi…”

“Ermənistan hansı sərhədi qurub? Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti, təxminən, köhnə Sovet dövründəki sərhəd boyu keçir. Azərbaycandan Ermənistan tərəfə azərbaycanlılar keçmir, keçən ermənilərdir, sülhməramlılardır. Erməni orada nə qurubsa, bunun bizə aidiyyatı yoxdur. Amma Azərbaycan sərhəd-keçid məntəqəsi qurmalı idi. Bu, dəfələrlə deyilib, biz də öz istəyimizi ifadə etmişik ki, belə bir məntəqə qurulmalıdır. Gənclərimizin Şuşada uzun müddətdir, davam edən aksiyası son dərəcə önəmli idi. Bu aksiya ilk addım idi, ekoloji tarazlığı qorumaq, Azərbaycanın sərvətlərinin talanmasının qarşısını almaq, separatçıların qeyri-qanuni silah daşımalarına maneə olmaq məqsədi güdürdü. Amma bu, daimi davam edə bilməzdi. Bütün bu müddət ərzində Azərbaycanın tələblərinə etinasız yanaşan Ermənistanın yalnız bir cavabı var idi - Qarabağa gələn gizli yolların aşkarlanması, oradan yük daşınmasının qarşısının alınması, eyni zamanda “Laçın koridoru” deyilən Xankəndi və Ermənistan yolunun sərhəddən keçən nöqtəsində Azərbaycanın sərhəd-buraxılış postunun qurulması. Postun qurulması son dərəcə önəmli addımdır və bunun tarixi əhəmiyyətini kiçiltmək olmaz”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.

 

Deputat bildirib ki, bu işdə, hətta sülhməramlılarla əməkdaşlıq şəraiti, ermənilərin də iştirakı irəliyə doğru atılmış bir addım olar: “Ermənilərlə azərbaycanlıların sərhəddə anlaşması zəruridir, bir yerdə işləməlidirlər. İki dövlətin yanaşı yaşaya bilməsini istəyiriksə, bəzi məsələlərə birlikdə nəzarət qaçılmazdır. Bundan sonra, təbii ki, Azərbaycan lazım olan addımları atacaq. Azərbaycanın mövqeyi Azərbaycan Prezidentinin mövqeyidir. Bunu Ermənistan tərəfi də dəfələrlə etiraf edib ki, Azərbaycan Prezidenti İlham Əliyev cəsarətli, müdrik, ağıllı, səbirli dövlət başçısıdır. Bəzi ermənilər sülhsevərdir, etiraf edirlər ki, Azərbaycanın siyasi xətti xalqın, millətin mövqeyini dəqiq ifadə edir və Azərbaycanın ərazi bütövlüyünə xidmət edir. Prezident də son çıxışlarında dəfələrlə bildirib ki, Qarabağ Azərbaycan torpağıdır, Qarabağda yaşayan ermənilər də vətəndaşlarımızdır, orada yaşamaq istəyirlərsə, vətəndaşlığımızı qəbul etməlidirlər. Ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olunub, bu ölkənin qanunları daxilində - Sovet dövründə necə olubsa, o şəkildə yaşamaq istəyirlərsə, yaşasınlar. Yol açıqdır, gəlib-getsinlər. Əks halda, harada vətəndaşlıq ala bilirlərsə, harada özlərini rahat hiss edirlərsə, ora rədd olub getsinlər. Prezident açıq deyib. Dünya bunu görür və barışmağa, qəbul etməyə məcburdur. Çünki Azərbaycan bir dövlətdir və dövlətlər bir-birilərinin hüquqlarına hörmət etməlidirlər. Beynəlxalq qanunlar, qəbul olunmuş anlaşmalar, sazişlər var. Bütün bunların hamısı Azərbaycanın xeyrinədir. Sərhəd-buraxılış məntəqəsinin qurulması da Azərbaycanın məhz beynəlxalq hüquq çərçivəsində gördüyü bir işdir. Buna görə də müxalifətçilik xəttinin Azərbaycanın atdığı addımlara kölgə salması, bunu bəzən ləkələməyi, bəzən ermənilərin xeyrinə yozması və s. - bütün bunların hamısı, mənim fikrimcə, anlaşılmazdır, sərsəm fikirlərdir. Görünən budur ki, Azərbaycan, təbii ki, Rusiyanın təsiri ilə 2020-cı ildə Qarabağı tam təmizləyə bilmədi. Bunu bütün dünya bilir. Şübhəsiz ki, bunda beynəlxalq təşkilatların da təsiri oldu. Amma bu gün Azərbaycan 2020-ci il 10 noyabr anlaşmasının Ermənistan tərəfindən qəbul edilmədiyini, Ermənistanın Qərb, Rusiya, İran arasında oynadığını görür. Bununla vaxtı uzadıb, Azərbaycanın qələbəsinin əhəmiyyətini azaltmağa çalışır. Azərbaycan isə gərəkli addımları atır və bu addımlar getdikcə intensivləşəcək. Azərbaycan addım-addım Qarabağda separatçıları, silahlıları təmizləyəcək və orada yaşamaq istəməyənlər üçün yol açacaq ki, çıxıb getsinlər. Qalmaq istəyənlər isə qalacaqlar, amma Azərbaycanın şərtləri daxilində. Azərbaycan bayrağı Xankəndində, Xocalıda və bütün Qarabağ ərazisində dalğalanacaq. Başqa çıxış yolu yoxdur, proseslər bunu təsdiq edir”.

Xəbərlər