“Erməni sakinlərlə keçirilən görüşləri gözü götürməyən qüvvələr var”
“Qarabağda yaşayan ermənilərlə mütəmadi görüşməliyik, hüquqlarını başa salmalıyıq. Çünki onlar Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda digər xalqlar necə yaşayırsa, ermənilər də bu hüquqlardan tam şəkildə istifadə edə, yaşaya bilərlər. Həm sosial təminat, həm işləmək, yaşamaq, təhsil almaq hüququ – bütün hüquqlar eynidir. Azərbaycan vətəndaşına hansı hüquqlar aiddirsə, Azərbaycan vətəndaşı olan ermənilərə də həmin hüquqlar aiddir. Görüşlərin ziyanı yoxdur. Təbii ki, erməni sakinlərlə keçirilən görüşləri gözü götürməyən qüvvələr var, onlar da Qarabağda olan separatçılardır. Bu qüvvələr mütəmadi çalışırlar ki, hər hansı sülhyaratma prosesi olmasın, yalnız təxribatlar olsun. Çünki bu qarışıqlıq hesabına milyonlar qazanırlar. Azərbaycanın təbii sərvətləri daşınır, qızıl mədənləri, digər resurslarımız istismar olunur, qanunsuz silah toplanılır, narkotik əkilir, nəzarətsiz ərazilərdə narkotik dövriyyə... “Dağlıq” Qarabağ dalğası altında hakimiyyətə gəlmiş hər bir cinayətkar – Köçəryan, Sarkisyan hamısı bu yolla gedib, istifadə edib, milyonlar, milyardlar qazanıblar. İndiki Araiklər, Vardanyanlar və digərləri, həmçinin dünyada yaşayan erməni diasporu bu vəziyyətdən istifadə etməyə çalışır. Amma sadə erməni xalqı, təbii ki, dinc yaşamaq istəyir və bununla əlaqədar mütəmadi müraciətləri olur. Azərbaycanda aparılan işləri, inkişafı, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə tikinti, quruculuq, abadlıq işləri, yeni infrastruktur, yolların çəkilməsi, dəmir yolu, hava limanlarının tikilməsi - hamısını görürlər, izləyirlər. İstər-istəməz ermənilər Azərbaycana inteqrasiya etmək, qarışmaq, tam hüquqlu vətəndaş olmaq istəyirlər. Ona görə də, hesab edirəm, danışıqları genişləndirmək lazımdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Qarabağdakı erməniləri yalan informasiyalardan uzaqlaşdırmaq lazımdır: “Təxribatların qarşısının alınması üçün tədbirlər görülməlidir. Postlar qoyulub, lakin bununla yanaşı, həmin ərazilər Azərbaycanındır və orada daim post-patrul xidməti həyata keçirilməlidir. Həm sərhəd-keçid məntəqəsi, həm də gömrük postu qoyulmalıdır ki, oradan keçənlərə bilavasitə nəzarət olunsun. Düzdür, gənclərimiz artıq ikinci aydır ki, qəhrəmancasına Xankəndi yolunda durublar, dinc aksiya keçirirlər. Azərbaycanın təbii sərvətlərinin talanmasının, Laçın yolundan keçməklə Xankəndindəki separatçılara silahların daşınmasının və digər məsələlərin qarşısını alırlar. Amma bunu daim həyata keçirən məhz gömrük və sərhəd postu olmalıdır”.