Ümumi 28 Noyabr 2022, 13:49 | Baxış sayı: 52
“Elçibəy hakimiyyətdə çox qalmayacığını bilirdi və bunu deyirdi də...”

Bizlərdən biridir o da, amma Tanrı yerini seçilmişlər cərgəsində yazıb. Bunu o zaman heç kim bilmirdi, çünki Yaradanın onun alnına yazdığı qədər hələ yol gəlirdi.

 

Özü isə hər şeydən bixəbər uşaqlıqdan zəhmətə alışa-alışa böyüyürdü. Özünün dediyi kimi: "Həyatın yolları həmişə hamar olmayıb". Bu sözləri onunla üzbəüz söhbət edərkən dedi. Özü də çox amiranə, özünəməxsus bir ağırlıqla söylədi. Düzü, müsahibə üçün müraciət edəndə dərhal cavab alacağıma inanmırdım, çünki dövlət qulluqçuları, rəhbər şəxslər həmişə vaxtın darlığından şikayətçidilər. Amma düşündüyümün əksi ilə rastlaşdım və  iki həftədən sonra müsahibə gününün vaxtı bəlli oldu. Və mən böyük həvəslə, qucaq dolusu sualla görüşə gəldim. Sualları cavablandıracaq bugünkü müsahibim isə Azərbaycan SSR-in Əməkdar mühəndisi, texnika elmləri doktoru, millət vəkilli Vahid Əhmədov oldu.   

 

- Lap əvvəldən başlayaq...

 

- Qubanın Qonaqkənd qəsəbəsində 1947-ci ilin aprel ayının əvvəlində anadan olmuşam. Orta məktəbə də orda getmişəm. Birinci sinifdən sonuncu sinfə qədər əlaçı şagird olmuşam və nəticədə məktəbi qızıl medalla bitirmişəm. Çoxuşaqlı ailədə böyümüşəm. Həyatımız heç də asan keçməyib. Çünki ailədə doqquz uşaq böyüyürdü və biz də müəyyən işlər görməklə ailəyə köməklik edirdik. Tale elə gətirdi ki, bir-bir Bakıya oxumağa gəldik. Növbə mənə çatanda ən  əvvəl işə düzəldim, çünki dolanmaq lazım idi. O zaman Şmidt adına maşınqayırma zavodunda fəhlə kimi işləməyə başladım, axşam isə Azərbaycan Politexnik İnstitutunda təhsil aldım. Çətin olsa da, zavod həyatı mənim üçün çox maraqlı idi. Kifayət qədər məvacib alırdım, ata-anama da yardım edə bilirdim. Həyatın yolları həmişə hamar olmayıb.

 

- Doqquz uşağı ərsəyə gətirən ata və ana...

 

- Şirvan zonasında Quba bölgəsindən olan qaçaq Mayılın nəslindənəm. Ana babam olub. Onun bir qardaşı vardı İsmayıl kişi, 134 yaşında dünyasını dəyişdi. Bizə həmişə tövsiyə edərdi ki, heç vaxt dövlətin malına qarışmayın, ondan yan keçin. Allah lazım bilərsə, özünüzə verəcək. Bunu atam da bizə həmişə deyərdi. Atam mühasib olduğundan hər işin üzünü də, astarını da yaxşı bilirdi. Anam evdar xanım idi, başqa cür ola da bilməzdi, doqquz uşağı boya-başa çatdırmaq özü böyük bir iş idi. Və bu uşaqların hamısı alitəhsilli oldu. Burda mən məktəb mühitini də vurğulamaq istərdim. Oxuduğum sinifdə dörd nəfər medala layiq görüldü - iki qızıl, iki gümüş. Biz dörd nəfər məktəbin həm ilk, həm də son medalçıları olduq.

 

- Bütün ali məktəblərin qapısı üzünüzə açıq olduğu halda, qızıl medal və axşam təhsili...

 

- Mən işləməli idim, başqa çıxış yolu yox idi. Mühəndislik və iqtisadçılığa həvəsim böyük olub həmişə. Politexnikə də o həvəslə daxil oldum. Zavoda da ona görə gəldim ki, oranın yataqxanası vardı və mən kirayə ödəməyəcəkdim. Addımlarımı ölçüb-biçmək məcburiyyətində idim.

 

- Və gəldiniz zavoda...

 

- Zavod həyatı böyük bir məktəb olub mənim üçün. Leytenant Şmidt zavodu Moskvaya tabe olan böyük maşınqayırma zavodu idi. O zaman zavoda düzəlmək o qədər də asan deyildi. Həmin dövrdə ora mərhum Həsən Seyidov rəhbərlik edirdi.  Cərrah qardaşım onun bir qohumunu əməliyyat etmişdi və bu vasitəçiliklə fəhlə kimi həmin zavodda fəaliyyətə başladım. Deyim ki, on min işçisi olan nəhəng müəssisə ilk gündən məni özünə çəkə bildi. Fəhləlikdən sonra dəzgahda işlədim, ustalıqdan sex ustasına çevrildim və artıq 25 yaşında mən sex rəisi idim. Hərbi xidmətdən sonra yenə də zavoda qayıtdım. İllərlə çalışdığım zavodların dəyişən yalnız adları və tutduğum vəzifələr oldu. Bakı Radio zavodunda istehsalat şöbəsinin rəisi oldum. Bakı Dəzgahqayırma İstehsalat Birliyinə məni artıq Mərkəzi Komitə göndərdi. İlk dəfə məni vəzifəyə Ulu öndər Heydər Əliyev təyin edib. Məni Mərkəzi Komitəyə dəvət etdilər və üç zavoddan birinə rəhbərlik etmək təklif olundu. Mən "Bakı fəhləsi" zavodunu seçdim. , çünki qabaqcıl zavod idi. SSRİ-də rəhbərlik dəyişdi, hakimiyyətə Qorbaçov gəldi və Heydər Əliyevə mübasibəti yaxşı olmadı. O ərəfədə onu başa salanlar oldu və Qorbaçov Tümenə səfər etdi. O zaman neft-mədən avadanlığının 75 faizini  SSRİ-də Azərbaycan istehsal edirdi. Mancanaq adlı dəzgah vardı ki, onu Azərbaycan, Rumıya və ABŞ istehsal edirdi. Tümendə onun əsas hissəsini açdılar. Qorbaçov soruşanda ki, niyə neft istehsalı aşağıdı? Cavab verdilər ki, Azərbaycandan gələn mancanaqların reduktorları xarabdı. Artıq Qorbaçovun Heydər Əliyevi uzaqlaşdırmaq kimi məqsədi olduğundan Azərbaycanla bağlı ən xırda məqamlar da onun üçün bir bəhanə idi. O zaman II katib olan Konovalovla bir neçə direktoru Moskvaya çağırdılar və mən orada deyilənlərin doğru olmadığını, yanlış məlumat verildiyini söylədim. Bu hadisədən sonra məni "Keşlə" maşınqayırma  zavoduna keçirtdilər, hansı ki, bu zavod yalnız reduktorlar istehsal edirdi. Heydər Əliyevin adına görə orada gecə-gündüz işləməyə başladıq, kömək edənlərimiz də oldu. Sonda məhsulları rus hərbçiləri bizdən qəbul etdi və biz bunun nə demək olduğunu çox gözəl anlaylrdıq. Son olaraq "Bakneftmaş" İstehsalat Birliyinin baş direktoru olaraq istehsalatdakı  fəaliyyətim bitdi. Ümumiyyətlə Heydər Əliyevin mənə münasibəti həmişə yaxşı olub. 1986-cı ildə H.Əliyev SSRİ Ali Sovetinin deputatı seçilməli idi. Dedilər ki, "Bakı fəhləsi" zavodundan seçiləcək. Zavod hər il Moskvadan keçici qırmızı bayraq alırdı. O sekgi ərəfəsində mən bir ay zavodda yatdım. Kamran Bağırov, Fuad Musayev hər gün gəlib işlərə nəzarət edirdi. Zavodda xeyli sayda ermənilər də çalışırdı. Həmin ərəfədə zavodda bir sexi də yandıra bildilər, çünki xislətləri bu idi. Amma bu yanğını mənə qarşı çevirə bilmədilər, özləri həbs olundu. Sonda Ulu Öndər özü gəldi. Dörd saata yaxın zavodda oldu, gəzdi, bütün məlumatları ona verdim. Gedəndə belə bir tapşırıq verdi ki, Vahiddən muğayat olun, o, bizə həmişə lazım olacaq.

 

- Siyasətə gələn yol başladı...

 

- Bu yol elə zavoddan başlayıb. Komsomoldan başlayan çıxışlarım sonralar  rayon partiya komitələrində davam edib. Bakı şəhər Sovetinin, Azərbaycan SSR Ali Sovetinin deputatı, Kommunist partiyasıının Nizami rayon təşkilatının büro üzvü olmağım artıq siyasətdə olmaq demək idi, amma fikirlərim həmişə demokratik olub. Ali Sovetin deputatı olarkən müstəqillik uğrunda gedən mübarizələrdə iştirak etmişəm. Bəzi deputatlar deyəndə ki, Azərbaycan müstəqil yaşaya bilməz, mən hesabatlara söykənərək çıxışlarımda bizim müstəqil yaşaya biləcəyimizi çəkinmədən söyləmişəm. Mən heç zaman işdən qorxmamışam, çünki təsərrüfatda olan insanlar əməyi çox sevir. Onlar müəyyən mərhələyəmi, vəzifəyəmi, rəhbərliyəmi  fərqi yoxdur - hamısı əziyyət görə-görə bu mərtəbəyə gəlib çatıb. Təsərrüfatı bilmədən idarəçilik etmək çox çətindi. Hamımızın yadındadı Ulu öndər  həmişə kolxoz və sovxozlarda, tarlalarda, fabrik və zavodlarda tez-tez olardı, təsərrüfatla ciddi maraqlanardı. Hər bir rəhbər üçün bu çox vacibdi. Siyasi fəaliyyətim Azərbaycan müstəqillik qazanandan sonra daha çox irəliləməyə başladı.

 

- Hələ tələsməyək. 72 il sürən bir hakimiyyətdən danışaq...

 

- Açıq deyəcəyəm, o hakimiyyətin müsbət tərəfləri çox idi. İş haqqında, övladının gələcəyi haqqında heş kəs düşünmürdü. İşləməyən mütləq işə cəlb edilirdi. Təhsili, səhiyyəsi yüksək idi. Bu, öz yerində. Amma mənfisi də kifayət qədər vardı. Sən ancaq bir partiyanı tərifləməli idin. Düzə düz, əyriyə də düz deməli idin. Həqiqəti söyləsəydin, başına min oyun gələ bilərdi. 1991-ci ildə SSRİ-nin dağılmasının lehinə səs verən 43 deputatın biri də mən olmuşam. O zaman zavod direktoru, büro üzvü idim. Bir az tərəddüd içində idim ki, birdən bu quruluş dağılmaz. Belə olardısa, bütün nəsil məhvə gedə bilərdi. Rəhmətlik Ulu öndər də bizimlə idi. Dedi ki, narahat olma, SSRİ yoxdur. Dedim ki, bəs siyasi büro? Onun cavabı heç vaxt yadımdan çıxmaz. Dedi ki, heç siyasi büro da yoxdur. Bundan sonra siyasi büro Amerikada - Vaşinqtonda olacaq. Ondan sonra səs verdik və müstəqilliyimizi qazandıq. Müstəqil dövlətin əzəməti möhtəşəmdi. Özümüzün bayrağı, gerbi, milli valyutası - bu, tamam başqa aləmdi. Hər dəfə dalğalanan bayrağımızı görəndə, o qədər qürur və fəxr hissi keçirirəm ki... Heç uzağa getmədən bir nümunə deyim. Anadan olduğum Qonaqkənd qəsəbəsinin ətrafında 60-a qədər kənd var. 70 il biz çalışdıq ora yol çəkək. Həmin yol iki çaydan keçirdi, çox çətin idi və yol çəkilmədi. Amma cənab Prezident üç ilə oranın yolunu çəkdirdi, açılışında da iştirak etdi. Müstəqillik bax, budur.

 

- Həmin ərəfədə Almaniyada təhsil də almısınız...

 

- 80-ci illərin sonunda bazar iqtisadiyyatına keçid adlı mərhələ başladı və SSRİ Ali Sovetinin qərarına əsasən hər respublikadan bir və ya iki nəfər bu prosesi öyrənmək üçün Almaniyaya təhsil almağa göndərilməli idi. Azərbaycandan məni göndərdilər. Bu, bütün respublikalara şamil olunduğundan  Ermənistandan da nümayəndə var idi. O zaman artıq biz münaqişəli tərəflər olduğumuz üçün qrafiki elə qurmuşdular ki, bu iki ölkənin nümayəndəsi rastlaşmasın. Üç il mərhələli təhsil alırdıq deyə, biz gedəndə onlar qayıdırdı və əksinə olurdu. Sonda Bonn Menecment İnstitutunu bitirib menecment-iqtisadçı beynəlxalq diplomunu aldım.

 

- Müstəqil Azərbaycanın baş nazirinin birinci müavini Vahid Əhmədov...

 

- Çox çətin, ağır və gərgin dövr idi. Hər yerdən iqtisadi əlaqələr kəsilmişdi. Azərbaycan iqtisadiyyatını vəziyyəti heç də yaxşı deyildi. Mitinqlər, istehsalatın dayanması çıxılmaz hədd yarada bilmişdi. Əhalinin əksər hissəsi işsiz idi, amma maaş istəyirdi, yəni qarışıq bir durum hökm sürürdü. Dövlətin xəzinəsi boş idi, ölkədə taxıl problemi vardı. Xalq Cəbhəsi artıq hakimiyyətdə idi. Taxıl məsələsini necə həll etmək üçün Əbülfəz Elçibəy məni çağırıb çıxış yolunu soruşdu. O zaman biz Türkiyə və Rusiyadan vəsait almaqla bu problemi həll edə bilərdik. Elçibəy, mən, Pənah Hüseynov Türkiyəyə getdik. Süleyman Dəmirəl 250 milyon kredit ayırdı bizə. Bu vəsaitin hesabına Batumidən keçməklə ölkəyə taxıl gətizdirdik. Amma Batumidən taxılın hamısı Azərbaycana gəlib çatmırdı. O zaman Heydər Əliyev Naxçıvanda idi və xahiş etdim ki, taxılı əvvəl onlar götürsün, çünki bölgə blokada şəraitində idi. İran vasitəsilə Naxçıvana yanacaq daşınması üçün 70-ə qədər maşın ayırmışdım. Təbii ki, bunlar Əbülfəz Elçibəylə razılaşdırılmışdı. Daha sonra Rusiyadan götürdüyümüz kredit hesabına ölkəyə taxıl daxil olmağa başladı. Vəziyyətin çətinliyi bununla bitmirdi ki... Qarabağ kimi böyük problem vardı, müharibə gedirdi, ordu pərakəndə vəziyyətdə idi. Müstəqil Azərbaycan başlanğıcda çox çətin və ağır bir yolla yürüyüb.

 

- Ömrü qısa olsa da, Xalq Cəbhəsi hakimiyyətə gəldi...

 

- Gəldi və çoxlu səhvlər ucbatından çox davam gətirə bilmədi. Xüsusilə kadr seçimi sahəsində. Təcrübəli, peşəkar kadrları çıxartdırıb öz adamlarını mütləq şəkildə ora təyin etməkdə israrlı idilər. Zavod rəhbəri bir il ərzində yetişmir, buna kifayət qədər müddət lazımdır. Onu çıxarıb yerinə naşı bir adamı qoymağın ancaq ziyanı ola bilərdi. Bunun belə davam edə bilməyəcəyini görüb Əbülfəz Elçibəyə məruzə edib vəziyyəti anlatdım və o da göstəriş verdi ki, Vahid Əhmədovun razılığı olmadan heç kəsə toxunulmasın. Onların nəzərində idarəçilik çox asan iş idi. Onlar hakimiyyətə hazırlıqsız gəlmişdilər və nətəcə də belə oldu.

 

- Əbülfəz Elçibəy Vahid Əhmədovun nəzər nöqtəsində...

 

- Elçibəy çox millətçi, təmiz, müstəqillik uğrunda mübarizə aparan insan idi. O, hakimiyyətə gələndə iki ciddi məsələ qoydu. Birincisi, rus ordusunun Azərbaycandan çıxarılması, ikincisi, qəbul imtahanlarında test üsulunun tətbiq olunması, çünki kasıb təbəqənin uşaqlarının təhsil almasına şərait yaradılması bu yolla mümkün idi. Rəhmətlik Vurğun Əyyub, Kamran İmanov və mən bu məsələ üzərində birlikdə işlədik. Elçibəy hakimiyyətdə çox qalmayacığını bilirdi və bunu deyirdi də. O üzdən bu iki məsələnin mütləq həllinə çalışırdı. Rus ordusunun çıxarılması çox ağır məsələ idi. Onlara toxunmasa idi, bəlkə də yerində qala bilərdi, lakin o, bu fikrindən dönmədi. O, sona qədər millətinin taleyini və gələcəyini düşündü və çox düzgün qərar verərək ölkəni Heydər Əliyevin idarəçiliyinə verdi.

 

- Sözü verək millət vəkilinə...

 

- Millət vəkili millətini sevən, onun tələblərini yerinə yetirən, milləti uğruna çalışan adi bir vətəndaşdır. Lakin bu adi vətəndaşın qarşısında böyük öhdəliklər var ki, onları yerinə yetirməlidir, çünki onun xalq adlı seçiciləri var. Millət vəkili çox məsuliyyətli bir vəzifədir. Lakin onu da bilmək lazımdır ki, millət vəkili o qədər də böyük səlahiyyətlərə malik deyil və seçici bununla çox vaxt barışmaq istəmir. Mənim üçün bir qədər fərqlidir. Zamanında tutduğum vəzifə sayəsində qurduğum əlaqələr, münasibətlər bu gün bir millət vəkili kimi mənim üçün bir problem yaratmır. Mənə təkcə öz seçicilərim müraciət etmir. Ayda bir dəfə Qubada yerləşən ofisdə seçicilərlə görüşürəm və mənə Xaçmazdan, Şabrandan, Siyəzəndən, hətta Bakıdan da müraciət edənlər olur. Elə Bakıda da gündə iki-üç nəfər qəbul edir, şikayətlərə qulaq asır və lazımi köməkliyi göstərirəm. Bir millət vəkili kimi Azərbaycan vətəndaşının bugünkü iqtisadi durumu məni qane etmir. Bu istiqamətdə fikirlərimi həmişə bildirirəm. Biz aztəminatlı ailələri, aşağı məvacib və pensiya alanları daha çox düşünüb nəzərə almağa çalışırıq ki, onların güzaranı qənaətbəxş olsun. Lakin bir şeyi də unutmaq olmaz ki, Azərbaycan müharibə aparan bir dövlətdir. Ordu quruculuğuna, ölkənin təhlükəsizliyinə kifayət qədər vəsait ayrılır. İşğaldan azad olunan ərazilərdə böyük quruculuq işləri gedir. 2026-cı ilə qədər "Böyük qayıdış" proqramı başa çatmalıdır ki, insanlar öz torpaqlarına qayıdıb heç bir çətinliklə üzləşməsinlər.

 

- Bir tərəfdən də artan qiymətlər...

 

- Qiymətlərin azaldığı vaxt olub ki? Dünyada baş verən proseslər bizdən asılı deyil. Dünyanın düzəni dəyişib. Əvvələr bir SSRİ vardı, bir də qərb dövlətləri, Amerika var idi və müəyyən tarazlıq mövcud idi. İndi o tarazlıq pozulub. Qafqazda əvvəl rus var idi, indi ordusu dünyada 4-cü yerdə dayanan  türk var. Bizim Prezidentimizin və Türkiyə Cümhurbaşqanının səyi ilə "Türk Dövlətləri Təşkilatını" yaradılıb. Bunun özü artıq çox mətləblərdən soraq verir. Hələ ki Rusiya və Ukrayna arasında müharibə davam edir. Ona görə qiymət artımı davam edəcək. Milli Məclis bu problemlər ətrafında müzakirələr aparır, məsələlər qaldırır və iki xristian ölkəsi arasında gedən müharibə bitərsə, düşünürəm ki, bu məsələ stabil həllini tapacaq.

 

- Azərbaycan və özünütəminat...

 

- Azərbaycan özünü təmin edəcək gücə malikdir, bu bir. Ən əsası isə Azərbaycanın kifayət qədər vəsaiti var. Yaxınlarda cənab Ərdoğan dedi ki, 2023-cü ildə ərzaq qıtlığı gözlənilir. Amma mən deyirəm ki, Azərbaycanın belə bir problemi olmamalıdır, çünki külli miqdarda ehtiyatımız var və ehtiyac yaranarsa, dünyanın istənilən nöqtəsindən istənilən ərzaq məhsullarını alıb ölkəyə gətirə bilərik. Bizim buna imkanımız yol verir. Amma  bizim idxalımız da çox böyükdür. Böyük istehsal müəssisələri dağıldıqdan sonra biz lazım olan məhsulları xaricdən almaq məcburiyyətindəyik. Lakin zamanla bu da öz həllini tapacaq. Tanrı bizə neft və qaz kimi qiymətli sərvətlər bəxş edib ki, onun hesabına biz Azərbaycanı qururuq, tikirik, yaradırıq.             

 

- Azərbaycan və keçid dövrü...

 

- Faktiki olaraq Azərbaycan o dövrü keçib. Bu gün Azərbaycanın iqtisadiyyatı o səviyyədədi ki, geriyə addım yoxdu, yol yalnız irəliyədi. Bu gün Qarabağa investisiya qoymaq istəyənər çoxdur. Lakin Qarabağa yalnız 44 günlük müharibədə Azərbaycanın yanında olan ölkələr buraxılacaq. Bu, dövlət başçısının göstərişidir. Qarabağın dirçəlişi dövlət büdcəsinin daha da artması deməkdir. Yəni biz artıq keçid dövründən inkişaf dövrünə keçmişik.

 

- Ömrümüzdən keçən 44 gün...

 

- Tarixdə heç bir torpaq müharibəsiz nə alınıb, nə də verilib. Düzdür, sonda sülh sazişi adı ilə bir masaya oturub nə isə imzalayırlar. Bu Vətən müharibəsi mütləq olmalı idi. Bizim müəyyən torpaqlarımız hələ qalıb, guya sülhməramlıların nəzarətindədir, amma onu bizə dinc yolla çətin ki, versinlər. İki il əvvəl imzalanan üçtərəfli sazişə bizdən başqa riayət edən yoxdur. Nə qədər ki, Qarabağda rus sülhməramlıları var, orada sakitlik olmayacaq. Biz qardaş Türkiyədən savayı, çox bədnam qonşuların əhatəsindəyik. Azərbaycanı sevməyən, dövlət başçısının apardığı müstəqil siyasəti qəbul etməyən, özü müsəlman ölkəsi olduğu halda erməniyə havadarlıq edən qonşulardan hər cür naqislik gözləmək olar. Mən 44 gün ərzində və ondan sonra əmin oldum ki, bizim gənclik hər şeyə qadirdir. Azərbaycan dövlətçiliyini qoruyub saxlamaq üçün onlar hər fədakarlığa getməyə hazırdırlar. Onlardan narazı olmağa haqqımız yoxdur. Şəhidlərin böyük qismi, qazilərimizin əksəriyyəti hamısı gənclərdir və onlarla öyünməyə dəyər. Ölkə başçısını, Ali Baş Komandanı xüsusi vurğulamaq lazımdır. Müharibə ərəfəsində onun mətbuata verdiyi müsahibələr müharibənin yarısını udmaq demək idi. Bütün dünyaya, Azərbaycan ictimaiyyətinə gedən prosesləri çox böyük ustalıqla çatdıra bilirdi, jurnalistlərin qəliz suallarına məharətlə cavab verirdi. Bir Ali Baş Komandan kimi müharibəni bacarıqla idarə edirdi. Bunu tək biz yox, bütün dünya gördü.

 

- Yaşadığınız zaman kəsiyindən geri boylanaq...

 

- Heç nə üçün heyfsilənmirəm. Düzdü, çox çətinliklər olub, əziyyətlər çəkmişəm, siyasətdə amansızlıqlar görmüşəm, insanları tanımışam. Bunu Tanrının mənim üçün yazdığı bir yol qəbul etmişəm. Əgər insanın üzərində Allahın nəzəri varsa, onu heç nədən qorumaq lazım deyil. İki dəfə açıq ürək əməliyyatı keçirmişəm. Deməli ki, ilahi qüvvə məni qoruyur. Buna da hər gün şükr edirəm.          

 

- Boş vaxtınız...

 

- ...olmur, olsa onu yalnız nəvələrimə həsr edərəm, çünki onları hədsiz sevirəm. Beş nəvəm var, böyüyü artıq Türkiyədə ali təhsil alır. Bir də yürüməyi sevirəm. Hər gün səhər 5-də oyanıb 1-2 saat gəzirəm. Zavodda işlədiyim vaxtlardan bir adət formalaşıb məndə - doqquzun yarısı iş başında olmalıyam. Milli Məclisin iclası var, ya yoxdur, fərq etməz. Bu, artıq mənim həyat tərzimdir.(525.az)

Xəbərlər