Siyasət 26 Aprel 2023, 15:22 | Baxış sayı: 184
“Düşünmürəm ki, İsa Qəmbərin oğlu türklər tərəfindən ermənilərə qarşı heç vaxt soyqırımı həyata keçirilmədiyi barədə məlumatsız ola...”

“Ermənilərə qarşı hər hansı bir soyqırımı olmayıb. İsa Qəmbərin oğlu “bir daha olmasın” ifadəsini işlədibsə, bu, o anlama gəlir ki, ermənilərə qarşı soyqırımı olub, bir daha olmasın. İsa Qəmbər kifayət qədər məlumatlı adamdır. Düşünmürəm ki, onun oğlu türklər tərəfindən ermənilərə qarşı heç vaxt soyqırımı hərəkəti həyata keçirilmədiyi barədə məlumatsız ola. Bu, uydurma bir məsələdir. Dəfərlərlə Türkiyə məsələ qaldırıb ki, arxivlər açılsın, bu, tarixçilərin işidir, tarixçilər müəyyənləşdirsin, bu məsələni siyasiləşdirməyə heç bir ehtiyac yoxdur. İlkin Qəmbər bir araşdırma aparmayıb. Ermənilər özləri Xocalı kimi soyqırımı törədiblər. İşğaldan azad olunmuş ərazilərdə kütləvi qəbiristanlıqlar aşkarlanıb, ortaya çıxır ki, əsgərlərimizi necə işgəncələrlə kütləvi şəkildə öldürüblər. Belə bir zamanda qondarma erməni soyqırımına hansısa münasibət bildirməyin özü yersizdir. Əgər İlkin Qəmbər belə bir söz deyibsə, çox böyük səhvə yol verib”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin komitəs sədri Siyavuş Novruzov deyib.

 

Deputat “İsa Qəmbər Zori Balayanın “Ocaq” cəfəngiyyatına cavab yazıb, onun kimi birinin ailəsində böyüyən şəxs Azərbaycanın milli maraqlarını niyə bu cür satıb” kimi fikirlərə isə belə münasibət bildirib: “Bunu bu cür demək olmaz. Sadəcə, İlkin Qəmbərin məlumatı var. Atası tarixçidir, araşdırmalarla məşğul olub. Zori Balayanın  “Ocaq” cəfəngiyyatına cavab kitabını isə İsa Qəmbər yazmayıb. Bəlli məsələdir, bunu hamı bilir. Sadəcə, İsa Qəmbərin adından veriblər. Kitabın müəllifi tamam başqa bir adamdır. Əlyazmalar İnstitutunda hamısı bunu əzbər bilir. Ümumiyyətlə, qondarma erməni soyqırımı müəyyən ölkələrin Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etdiyi bir termindir. Belə məqamda bundan istifadə etmək qəti şəkildə düzgün deyil”.

 

S.Novruz İsa Qəmbərdən oğlunun paylaşımı ilə bağlı mövqe bildirməsini tələb edənlərə isə belə cavab verib: “Mən insanların ailə-məişət məsələlərinə qarışmıram. Özləri bilərlər. Heç vaxt heç bir siyasətçinin ailə işinə qarışmamışam, bundan sonra da qarışmayacağam”. 

Xəbərlər