Cəmiyyət 3 Avqust 2022, 14:07 | Baxış sayı: 167
“Düşünmürəm ki, indiki zamanda müharibə başlaya bilər".

“Düşünmürəm ki, indiki zamanda müharibə başlaya bilər. Ermənistan üzərinə öhdəlik götürüb və bu öhdəlikləri yerinə yetirməlidir. Bu, beynəlxalq təşkilatlar tərəfindən də qəbul olunub. Son vaxtlar bəzi dövlətlər ciddi cəhdlə çalışır ki, Ermənistanla Azərbaycan arasındakı məsələ tezliklə həllini tapsın. Əvvəllər başqa cür düşünürdülərsə, indi artıq onlar da başa düşüblər ki, Ermənistanın yeganə xilası yalnız Azərbaycan və Türkiyə ilə münasibətlər qurmaq, kommunikasiyaları açmaq, iqtisadiyyatı bərpa etməkdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

 

Deputatın sözlərinə görə, Qarabağın Azərbaycan torpağı olması ilə bağlı Paşinyanın verdiyi bəyanat bir daha göstərir ki, bu, ordakı daxili qüvvələri qızışdırır və Azərbaycanı istəməyən bəzi dövlətlər də gərginlik yaratmaq istəyirlər: “Azərbaycanın güclü Ordusu, güclü Ali Baş Komandanı var. Ermənistan döyüş barəsində düşünməsin. Rəsmi İrəvan müharibə haqqında düşünəcəksə, bilsin ki, çox acı nəticələrlə üzləşəcək. Azərbaycan Ordusu yeni və müasir silahlarla tam şəkildə təmin olunmaqda davam edir. Ordu təlimlərinin keçirilməsi ilə bağlı ciddi hazırlıqlar gedir. Artıq Azərbaycanın kifayət qədər güclü Orduya sahib olması nəinki Cənubi Qafqaza, bütün dünyaya bəllidir. Azərbaycanın döyüş taktikalarından ayrı-ayrı dövlətlər istifadə etməyə çalışırlar. 44 günlük Vətən Müharibəsində Azərbaycanın həyata keçirdiyi döyüş taktikası soyuq müharibə dövründən sonra bir yenilik idi. Bu baxımdan, müharibənin başlayacağını düşünmürəm. Hər bir halda Ermənistan başa düşməlidir ki, yenidən müharibə olarsa, gözləmədiyi sonluqla da barışmalı olacaq”.

Xəbərlər