Sosial 17 Oktyabr 2022, 14:09 | Baxış sayı: 160
"Düşünmürəm ki, bu gün ətin qiymətində hədsiz artım var"

“Desək ki, Azərbaycanda bahalaşma yoxdur, doğru olmaz. Bu gün ölkəmizdə bahalaşma var, amma bahalaşmanı yaradan səbəblər də çoxdur. Əvvəla, buğda və buğda məhsullarını xaricdən idxal ediriksə, Ukrayna, Rusiya, Qazaxıstandan bu məhsullar gətirilirsə, həmin ölkələrdə baş verən proseslər də göz qabağındadır. Problem yükdaşıma, çatırılma ilə də bağlıdır, bu da qiymətlərə mənfi təsirini göstərməkdədir. Bu sahədə çalışan insanlara dövlət həmişə dəstək verir. Amma bu, bir günün işi deyil. İstər-istəməz xarici ölkələrdə olan bahalaşmalar Azərbaycana da təsirini göstərməlidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

 

Deputat bildirib ki, un məhsulları ətin qiymətinə nisbətən daha bahadır: “Düşünmürəm ki, bu gün ətin qiymətində hədsiz artım var. Xırdabuynuzlu heyvanların ətində bahalaşma müşahidə oluna bilər. Amma mal əti, qoç ətində artım müşahidə olunmur. Əgər artım varsa da, bunu, deməli, süni şəkildə, qəsdən edirlər. Bəzi qüvvələr vəziyyətdən istifadə edib süni bahalaşma ilə qiymətləri şişirdirlər. Buna dövlət də, ictimaiyyət də nəzarət etməlidir. Deyərdim ki, ictimaiyyətin nəzarəti daha önəmlidir. Hər birimiz bu istiqamətdə əlimizdən gələni etməliyik ki, süni qiymət artımın qarşısını bir yerdə ala bilək”.

 

A.Məmmədov qeyd edib ki, müxalifət nəinki bahalaşmaya, bütün məsələlərə radikal yanaşır: "Bu gün onlar dövlətimizin əldə etdiyi uğurların da ağına “qara” deyirlər. Bu, məni maraqlandırmır. Ən əsası bir vətəndaş kimi kəskin bahalaşma məni də narahat edir. Azərbaycan dünyadan təcrid ola bilməz. Azərbaycan dövləti dünyanın kiçik bir hissəsidir. İnkişafda olan, gənc, müstəqil dövlətdir. Azərbaycan dövlətinin çox böyük uğurları var. İstər hərbi, istər iqtisadi sahədə inkişaf, regionlarımızın sosial-iqtisadi inkişafı, 44 günlük Vətən Müharibəsində əldə olunan uğurlar və bu kimi məsələləri saymaqla bitməz. Bunu danmaq olmaz, reallıqdır. Bunu danan varsa, getsin erməni tərəfdə dursun, orda danışsın. Sentyabrın 12-14 tarixlərindəki son erməni təxribatlarında radikal müxalifət Azərbaycanın guya Ermənistan torpaqlarına “təcavüz” etdiyi barədə fikirlər səsləndirdi. Bunlara nə demək olar? Ermənilərdən fərqləri nədir? Bircə bunu başa düşə bilmirəm”.

Xəbərlər