Plenar iclaslar 20 Oktyabr 2023, 14:33 | Baxış sayı: 272
"Dövlət ehtiyatlarını tənzimləyən hüquqi akt mövcud deyil"

Azərbaycanda dövlət ehtiyatları sahəsini tənzimləyən vahid normativ hüquqi akt mövcud deyil.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

"Aparılan təhlillər göstərib ki, strateji əhəmiyyət kəsb bu sahənin tənzimlənməsində hüquqi baza kifayət qədər inkişaf etdirilməyib. Belə ki, dövlət ehtiyatları üzrə vahid konseptual yanaşma mövcud deyil. Dövlət ehtiyatlarının yaradılması və idarəedilməsi mövcud normativ hüquqi aktlarda natamam tənzimlənir”, - deyə o qeyd edib.

Deputat vurğulayıb ki, məhz bu çatışmazlıqların aradan qaldırılması üçün ölkə Prezidenti Milli Məclisə “Dövlət ehtiyatları haqqında” qanun layihəsi təqdim edib.: "Sənəd 4 fəsil və 14 maddədən ibarətdir, dövlət ehtiyatlarının təyinatını və hüquqi statusunu, sistemini, dövlət ehtiyatına malların tədarükünü, yerləşdirilməsini, saxlanılmasını və buraxılmasını, həmçinin nəzarət və hesabatlılıq mexanizmlərini əks etdirir. Qanun layihəsində dövlət ehtiyatları strateji, fövqəladə və səfərbərlik ehtiyatları şəklində müəyyən edilib və onların hər birinin formalaşdırılması, idarəedilməsi mexanizmləri əks etdirilib. Layihənin hazırlanmasının əsas məqsədi ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlığının artırılması, eləcə də dövlət ehtiyatlarının yaradılması, saxlanılması, idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarının müəyyən edilməsidir".

T.Mirkişili deyib ki, layihə hazırlanarkən “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunundan və sahəvi qanunvericilik aktlarından istifadə olunub: "Eyni zamanda layihənin hazırlanması zamanı xarici ölkələrin bu sahədə təcrübəsi araşdırılıb, onların müvafiq sahəyə dair qanunları təhlil edilib. Layihənin qəbul edilməsi ilə dövlət ehtiyatların yaradılması, yerləşdirilməsi, saxlanılması, buraxılması üzrə fəaliyyət təmin ediləcək".

report.az

Xəbərlər