Siyasət 19 Aprel 2023, 14:28 | Baxış sayı: 248
“Dövlət dilinin statusu Ulu öndərin səyləri nəticəsində müəyyənləşib”

“Ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi gündəmə gətirildi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində gördüyü işlər onun Azərbaycan qarşısında olan misilsiz xidmətlərindəndir. Ümummilli Lider çıxışlarının birində demişdir: “Bu gün iftixar hissi ilə deyə bilərik ki, sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. ” Məhz H.Əliyevin zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata keçirilən siyasət doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləyib.

Deputat deyib: “ Heydər Əliyev Azərbaycan Respublikasının rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Məhz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan dilinin artıq sovet dönəmində dövlət dili statusu Azərbaycan SSR-in Konstitusiyasında və digər müvafiq qanunlarında öz əksini tapıb. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Bununla da Ulu Öndər Moskvanın kəskin etirazlarına baxmayaraq, respublikamızda rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyini təmin etmiş, gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.Ulu Öndərin səyləri ilə həmin dövrdə respublikada Azərbaycandilli təhsilin və maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gənclərin ana dilində təhsilinə üstünlük verilib. Azərbaycan dilində mətbuatın, elm və mədəniyyətin tərəqqisi üçün mühüm tədbirlər həyata keçirilib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları – “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilib. Həmçinin qeyd olunmalıdır ki, məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş dəqiqlik və ardıcıllıqla araşdırılıb, elmi-maarifləndirici kitablar, dərsliklər nəşr olunub. Nəhayət, ən əsası, Ümummilli Liderimiz rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində danışmaqdan çəkinməyərək, ana dilimizə verdiyi yüksək dəyəri vurğulayıb, dilimizin ictimai-siyasi mövqeyinin yüksəlməsinə zəmin yaradıb. O, öz çıxışlarının birində demişdir: “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.” Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, onun beynəlxalq münasibətlər sisteminə – diplomatiya aləminə yol alması, yüksək nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi Ulu Öndərin yorulmaq bilməyən fəaliyyətinin və yürütdüyü müdrik, uzaqgörən siyasətin məntiqi nəticəsidir.”

K.Qafarov daha sonra deyib: “Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dil məsələsi yenidən gündəmə gəldi. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr -11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi. Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə bir sıra zəruri tədbirlər də həyata keçirdi. Heydər Əliyevin imzaladığı “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. 29 dekabr 2000-ci il tarixində yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində Ümummilli Lider demişdir: “Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.”

Xəbərlər