Siyasət 11 Sentyabr 2023, 16:22 | Baxış sayı: 196
"Dövlət AXCP-nin nəyindən qorxacaq?"

“Siyasi partiyaların qeydiyyatına nəzər salsaq, görərik ki, qeydiyyatdan keçən partiyaların üçü yenidir, digər partiyaların isə hamısı Azərbaycanın ictimai-siyasi həyatında mənfi-müsbət fəaliyyət göstərənlərdir. Cəmiyyət bir çox partiyanı sədri ilə tanıyır, partiyanın adı ilə yox. Bütün partiyaların qeydiyyatı bunu göstərdi ki, dövlət, hökumət sizə kömək etmək istəyir. Yerli təşkilat orqanlarının hər biri bunları aldadırdı. Biri deyirdi ki, məndə 500 nəfər, o biri deyirdi 1000 nəfər üzv var. Gərək, hər biri hökumətə minnətdar olsunlar ki, yerli təşkilatlarının saxtakarlıqlarını hökumət üzə çıxarıb ortaya qoydu, gördülər, yerli təşkilatları nə qədər saxtakardırlar, düzgün olmayan məlumatlar verirlər. Qeydiyyat prosesi başlayanda təqdim olunan sənədlərdən sonra hamısına səhvləri deyildi. Bir qrup partiya şantaja başladı. Biri dedi ki, Avropa Şurasından nümayəndəmi gətirəcəyəm, o biri dedi ki, indi bu dəqiqə BMT-yə gedəcəyəm, bir başqası dedi “ATƏT-ə gedəcəyəm...” Aidiyyatı strukturun qanunvericiliyə uyğun olan tələbi bu idi ki, reallığı düzgün formada təqdim edin, qeydiyyatdan keçin. Bu məsələdə heç kimə ayrıseçkilik yoxdur və gördünüz ki, heç kimə qarşı ayrıseçkilik olmadı. İstər parlament daxilindəki partiyalara, istər parlamentdən kənarda olanlara, istərsə də yeni yaranan partiyalara”.

 

Bu sözləri müsahibəsində Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. 

 

Deputat bildirib ki, düzgün, hüquqi qanunvericiliyə uyğun sənədini təqdim edənlərin hamısı ədalətli şəkildə qeydiyyatdan keçib: “İndi isə qeydiyyatdan keçiblər, sənədlər təqdim olunub, gedib seçkiyə, kadrların yetişdirilməsinə hazırlaşmaq əvəzinə yenə şantaja başlayıblar ki, guya dövlət bunlardan qorxub. Dövlət sənin nəyindən qorxacaq? AXCP-də bu gün kim var? Kimdən qorxacaq? Elə şeylər deyirlər ki... Üç-dörd partiya var, adlarını da çəkə bilərəm - AXCP, Müsavat, REAL, bəlkə də, qəsdən istəyirdilər ki, onları qeydiyyatdan keçirməsinlər, səs-küy salsınlar, xaricdən qrant alsınlar, pul daşısınlar və s. Guya bunlara qarşı ədalətsizlik var, qeydiyyatdan keçirmirlər. Siyasi partiyaların statistikasını aparsaq, Yeni Azərbaycan Partiyasını çıxmaq şərti ilə, hamısı AXC-dən çıxıb, bir qismi də Müsavatdan. Bir-bir sadalaya da bilərəm. Yaxşı, nə oldu, deməli, hamısı qeydiyyatdan keçdilər, sizə gələndə isə hakimiyyət qorxub qeydiyyatdan keçirdi? Hamısı uydurulmuş yalandır. İllərdir, bu yalanlarla öz tərəfdarlarını yanlarında saxlamaq istəyirlər. Bu gün Azərbaycan iqtidarının, Yeni Azərbaycan Partiyasının Sədrinə alternativ yoxdur. Ona görə də bunların hansındansa qorxsun, çəkinsin, belə şey mümkün deyil. İlqar Məmmədov həbsxanada olanda da deyirdilər ki, İlqar Məmmədov  prezidentliyə alternativ yeganə namizəd olacaq, buna görə də onu həbsxanada saxlayırlar. Nə oldu, 5 min üzvü güclə yığıb təqdim etdi”.

 

S.Novruzov bildirib ki, müharibə zamanı, ölkənin gərginliyi dövründə AXCP, Müsavat kimi bir neçə partiyanı çıxmaq şərti ilə hamısı ölkənin, dövlətin, Ali Baş Komandanın yanında idilər: “Şuşaya səfərləri, hər birinin təbliğat aparması, hesab edirəm, qiymətləndirilməlidir. Hər birinin sözü sözdür. Onların arasında elə adamlar var, məsələn, götürək Pənah Hüseynovu. O, baş nazir işləyəndə Əli Kərimli nə işləyirdi? Yaxud Mirmahmud Fəttayev Xalq Cəbhəsinin sədr müavini olanda Əli Kərimli kim idi? O cümlədən Fazil Qəzənfəroğlunu (Fazil Mustafa), Qüdrət Həsənquliyevi və digər onlarla insanı sadalaya bilərəm ki, onlar Xalq Cəbhəsində vəzifə tutanda Əli Kərimli onlardan çox-çox aşağıda idi. “Hakimiyyət AXCP-ni ələ alıb...” Hər bir partiyanın rəsmi qeydiyyatdan keçməsinə hörmətlə yanaşmalıyıq. Hər kəs də qarşısındakı Nizamnaməsinə uyğun iş aparmalıdır. “Ələ almaq”, “əldən vermək”, nə bilim nə. Bunlar 1990-cı illərin, Mütəllibov dövrünün söhbətləri idi. Ondan sonrakı dövrdə, Heydər Əliyev hakimiyyətə gələndən Azərbaycanda hüquqi dövlətdir. Hər şey qanun çərçivəsində həll olunur, vəssalam. Qanun çərçivəsində sənədini təqdim et, qeydiyyatdan keç, bununla da bitdi”. 

pravda.az

Xəbərlər