Cəmiyyət 5 Yanvar 2022, 16:58 | Baxış sayı: 240
"Dotasiya verərək unun qiymətini stabil saxlamaq mümkündür".

"Dövlət hər zaman çörəyin qiymətini stabil saxlamaq üçün dotasiya verirdi. Fikrimcə, dövlət yenə də bu addımı atmalıdır. Nəzərə almaq lazımdır ki, unun qiymətinin artımı təkcə çörəyin qiymətinə deyil, digər un məmulatlarına da təsir göstərir. Yəni, dotasiya verərək unun qiymətini stabil saxlamaq mümkündür".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Deputat bildirib ki, bayram ərəfəsində bahalaşma həmişə hiss olunur: "Həmçinin bahalaşmanın olacağı ilə bağlı hökumət üzvləri də fikir bildirmişdi. Qeyd edirlər ki, 50 kiloqramlıq un kisəsinin qiyməti 26 manatdan 37 manata qaldırılıb. Yəni, qiymət artımı gözlənilən idi, çünki taxılın əksər hissəsi xaricdən idxal olunur və orada vergilər yüksəkdir. Görünür, dövlət xaricdən təkcə taxıl deyil, qiymət artımı da idxal edir. Vətəndaşlar heç vaxt qiymət artımına hazır deyil, çünki onlar ciddi problemlərlə üz-üzədirlər. Doğrudur, yaşayış minimumu və orta aylıq əməkhaqqı artırılıb, amma hesab edirəm ki, kifayət deyil. Verilən müsbət qərarlar inflyasiyanı müəyyən qədər qabaqlasa da, nəzərə almaq lazımdır ki, subyektiv qiymətlər də var. Misal üçün, yanacağın artması ilə əlaqədar əgər təkcə yanacağa bağlı olan məhsulların qiyməti artsa, başadüşüləndir. Yox, həm də salfetin qiyməti qalxırsa, bunun qarşısını almaq lazımdır. Belə qiymət artımlarının qarşısını almaq üçün dövlətin kifayət qədər ehtiyatı olmalıdır. Subyektiv qiymət artımı ilə bağlı isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müəyyən işlər görməlidir. Beləliklə, subyektiv qiymət artımına qarşı çıxmaq üçün həmin xidmətin fəaliyyətini artırmaq lazımdır".

Xəbərlər