Siyasət 3 May 2023, 13:19 | Baxış sayı: 222
"Dost və qardaş Türkiyə ilə münasibətlərimiz daha xoşbəxt gələcək vəd edir"

Dost və qardaş Türkiyə ilə münasibətlərimiz günbəgün daha da möhkəmlənir. Cənab Prezidentimiz İlham Əliyevin və qardaş Türkiyə Cümhuriyyətinin prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın tez-tez qarşılıqlı rəsmi və işgüzar səfərləri bunun bir daha sübutudur. Qarşılıqlı etimada əsaslanan səmimi münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsidir.

Bir neçə gün öncə-aprel ayının 29-da cənab Prezidentimiz İlham Əliyevin  İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirakı tarixin yaddaqalan səhifələrindən birinə çevrildi. Bugün münasibətlərinin zirvəsini yaşayan Türkiyə-Azərbaycan münasibətləri dünya üçün ölkələrin bir-birinin uğuruna sevinərək və dəstək verərək inkişaf yolunda ola bilməsinin bir nümunəsidir. Günümüz reallıqlarını, dünyada baş verən mürəkkəb geo-siyasi prosesləri nəzərə alsaq, tariximizin və münasibətlərimizin nə qədər qürurverici mərhələsində olduğumuzu bir daha dərindən dərk edirik.
Qardaş ölkənin, xüsusən, son illərdə həyata keçirdiyi siyasət onun istər regionda, istərsə də dünyada rolunu və nüfuzunu müntəzəm olaraq gücləndirir. Türkiyənin siyasi və iqtisadi qüdrəti, həm də onun müttəfiqlərinin gücü deməkdir. Bu siyasi gücü biz Vətən müharibəsinin ilk günundən son gününədək hər anında hiss etdik. Azərbaycan da öz növbəsində qardaş ölkənin yaxşı günlərində də, çətin günlərində də hər zaman yanındadır. “TEKNOFEST” çərçivəsində Azərbaycan dövlətinin faciəli zəlzələnin baş verdiyi Kahramanmaraşda inşa edəcəyi min ev, məktəb və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin təməlinin qoyulması bu fikrin bir daha təsdiqidir.
Bugün Türkiyə-Azərbaycan münasibətlərinin yüksək inkişaf xəttindən danışarkən, dövlət başçıları səviyyəsində güclü siyasi iradənin göstərilməsi ilə yanaşı,cəmiyyətin hər bir fərdinin buna böyük maraq nümayiş etdirdiyini də vurğulamaq lazımdır. Xüsusilə, bir neçə gün öncə, İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında türk idmançılarının qələbələrini Azərbaycana həsr etməsi, cənab Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın onları qəbul etməsi, idmançıların “Tərəqqi” medalı ilə təltif edilmələri  hər birimizə qürur yaşatdı və bu qardaşlığın sarsılmaz olduğunu nümayiş etdirdi.

Bugün Azərbaycan və Türkiyə arasında münasibətlərin ən yüksək səviyyədə olması, sadəcə ölkələrimiz üçün deyil, eyni zamanda regionumuz üçün sülh, sabitlik və daha xoşbəxt gələcək vəd edir.

Xəbərlər