Plenar iclaslar 14 İyul 2023, 16:56 | Baxış sayı: 94
"Deyirlər ki, universitet qanunsuz diplom verib, bu necə olub?"

“Vaxtı ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri olub, onlar lisenziya ilə fəaliyyət göstərib, diplom verib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

O bildirib ki, indi o şəxslərin işə düzəlmək problemi var, çünki Elm və Təhsil Nazirliyi o diplomları təsdiq etmir: “Deyirlər ki, universitet qanunsuz işləyib, qanunsuz diplom verib və s. Necə olub bu? Onlar yerin altında fəaliyyət göstərib, yoxsa sehrli çubuqla özlərini görünməz edib? Onlar içərisində xeylisi var, o cümlədən Cənubi Rusiya Humanitar İnstitutu Bakıda olub, sərhədi keçməyə ehtiyac olmayıb. Tələbələr 5 il oxuyub. İndi onların hamısı diplomunu təsdiq edə bilmir, kim işləyirsə, işdən çıxarılır, yaxud da iş yerində hər il stress yaşayır ki, yenə yoxlayarlar. Bunların ürəyi xəstə düşdü ki. Bunlar məhv oldu ki. O lisenziyanı kim verib? Dövlət. Diplomu kim verib? Dövlət. Kim şərait yaradıb? Dövlət. Əzizlərim, niyə vətəndaşlara qarşı bu cür hərəkət edilir? Niyə günah vətəndaşın üzərində qalmalıdır? Bu məsələ mütləq həllini tapmalıdır. Elm və Təhsil nazirliyinin yanaşması bu ölkədə böyük narazılıqlar yaradır. Onlar hər bir məsələdə vətəndaşı günahkar görür. Nəyə nail olmaq istəyirlər, bilmirəm. Həll yolunu onlar tapmalıdır, maneçilik etmək yox. Bəyənmirsən, bir illik kurs təyin elə, oxusunlar, imtahan versinlər. Kəsib atmağa nə var, faydalı iş odur ki, kömək edəsən, həll yolu tapasan. Nazirlər Kabineti bu məsələni həll edərdi məncə, Elm və Təhsil Nazirliyi doğru yanaşma və təklif ortaya qoymur. Elə kəsmək, doğramaq, ancaq və ancaq vətəndaşı günahkar çıxarmaq. Mən parlamentdən kömək istəyirəm!”

APA

Xəbərlər