Cəmiyyət, Siyasət 16 İyun 2021, 13:06 | Baxış sayı: 325
Deputatlar Şuşa Bəyannaməsi ilə bağlı fikirlərini bildirib.

“Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi dünyaya bir mesajdır”.

T. Kərimli qeyd edib ki, “Bəyannamədə vurğulanıb ki, Azərbaycan və Türkiyə bir tərəfin vətəndaşlarının digər tərəfin ərazisində yaşamaq hüququ əldə etmələrini qarşılılıq prinsipinə uyğun olaraq asanlaşdırmaq üçün müvafiq tədbirlər görülməsini təqdir edirlər. Digər tərəfdən, Şuşa Bəyannaməsi özündə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi və qarşılıqlı dəstəyin verilməsini də ehtiva edir. Qeyd edilir ki, Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin saxtalaşdırılması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhü və sabitliyi təhdid etməsi nəzərə alınmaqla, 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin qətiyyətlə dəstəklənməsi vacibdir. Sənəddə tərəflər Türk dünyasının birlik və rifahına xidmət edəcək milli və beynəlxalq səylərin artırılmasına da diqqət çəkiblər. Ümumiyyətlər, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin birliyini bir daha bütün dünyaya nümayiş etdirdi”.

Soltan Məmmədov: "Şuşa Bəyannaməsini iki kontekstdən qiymətləndirmək mümkündür. Bir tərəfdən bu sənəd Azərbaycanla Türkiyə arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir, iki ölkənin təhlükəsizlik, geosiyasi maraqlar kontekstində atılacaq addımları, beynəlxalq münasibətlər sistemində öz milli maraqlarını qorumaq istiqamətində fəaliyyətini daha sıx koordinasiya etməsini nəzərdə tutur. Bəyannamədə birgə iqtisadi layihələrin həyata keçirilməsi, hərbi sahədə əlaqələrin dərinləşdirilməsi kimi son dərəcə vacib əhəmiyyətə malik müddəalar var. Digər tərəfdən, Şuşa Bəyannaməsi regional təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyətə malikdir. Hesab edirəm ki, bu sənəd Azərbaycan-Türkiyə münasibətlərinə yeni məzmun verməklə Cənubi Qafqazda sülhün təmin olunması, bəzi dairələrin revanşizm haqqında illüziyalarına son qoyulmasına da çox ciddi təsir göstərəcək”.

Könül Nurullayeva bildirib ki, sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Ən vacib məqam isə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının atılmasıdır. Əslində, bundan əvvəl də iki ölkə arasında strateji müttəfiqlik münasibətlərini müəyyən edən dövlətlərarası sənədlər, o cümlədən hərbi sahədə sıx tərəfdaşlıq, müttəfiqlik prinsiplərini özündə əks etdirən müqavilələr imzalanıb.

Vüqar Bayramov: "Qardaş ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. Şuşa Bəyannaməsində nəzərdə tutulan tədbirlər bu hədəfə nail olmaq yeni imkanlar yaradacaq. Qeyd edək ki, 4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub.

Sənəddə Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndilmiş şəkildə davam etdirilməsi də nəzərdə tutulur. Ötən il Türkiyə Azərbaycandan 9,58 mlrd. kubmetrdən artıq qaz idxal edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2% çoxdur. Bu isə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın artıq güclənməsindən xəbər verir.

Vacib istiqamətlərdən biri də məhz intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqidir. Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı ölkəmizin starteji əhəmiyyətini də artıracaq. Dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək".

Fatma Yıldırım: "Bəyannamənin Qarabağın gözü olan tarixi Şuşa şəhərində imzalanması isə xüsusi məna kəsb edir. Ermənilər və onların havadarları, revanşistlər anlamalıdır ki, əgər Azərbaycana və onun ayrılmaz hissəsi olan Qarabağa nə vaxtsa yenidən hərbi təcavüz etmək niyyətinə düşərlərsə qarşılarında Türkiyəni də görəcəklər. Bəyannamənin Şuşa şəhərində imzalanması hər iki ölkənin bu məsələdə qətiyyətli mövqeyinin ifadəsidir. 1921-ci ildə Naxçıvanın təhlükəsizliyi məqsədilə imzalanan Qars Müqaviləsindən 100 il sonra Türkiyə növbəti müqavilə ilə Qarabağın təhlükəsizliyinin qarantına çevrildi”.

Xəbərlər