Cəmiyyət 8 İyun 2023, 17:27 | Baxış sayı: 167
“Deputatlar da imtahan verirlər...”

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun parlamentin iclasında səsləndirdiyi “müəllimin testlə savadını yoxladın, bəs tərbiyəsini necə müəyyən edəcəksən?” fikirləri müzakirə yaradıb. Bildirilir ki, müəllimlər yetəri qədər imtahan verirlər, daha hansı imtahanı verməlidirlər? Əgər belədirsə, deputatlığa namizəd olanlar da imtahan versinlər, çünki onlar parlamentdə xalqı təmsil edəcəklər...

 

S.Novruzov Pravda.az-a açıqlamasında səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

 

Komitə sədri bildirib ki, Milli Məclisdə təmsil olunan deputatlar onsuz da imtahan verirlər:

 

“Yəni onlar seçki yolu ilə seçilirlər. Əgər insanlar namizədin hər hansı mənfi cəhətini görürlərsə, ona səs vermirlər, müsbətlərini görüb səs verib, deputat seçirlər. Parlamentdə qaldırılan məsələdə də qeyd etmişdim ki, müəllim həm də pedaqoqdur, tərbiyə ilə də məşğul olur, təkcə təhsillə deyil. Məsələn, bir müəllim çox savadlıdır, amma pedaqoji fəaliyyəti yoxdur. Yəni bildiyini şagirdə öyrədə, onu düzgün yetişdirə, tərbiyə edə bilmir. Bunu hansı metodologiya ilə yoxlamaq lazımdır? Söhbət bundan gedir. Təkcə müəllimin əxlaqından yox, ümumilikdə tədirisi çatdırmasından söhbət gedir. Gəlib imtahan verdi, keçdi, 60 bal topladı, bəs o müəllim biliyini şagirdə hansı formada çatdıracaq? Bunu artıq yerlərdə insanlar özləri görürlər. Məktəblərə uşaqları birinci sinfə aparanda qeyd edirlər ki, filan müəllimin yanına aparacağıq, o, yaxşı təhsil verir, uşağı yaxşı öyrədir. Onlar fikir vermirlər ki, bu müəllim testdən 60, yaxud 80 bal yığıb. Müəllimin pedaqoji bacarığını, tərbiyə metodunu əsas götürürlər. Onun yetişdirdiyi şagirdlərin gələcəkdə özlərinə düzgün yol seçməsi çox vacibdir. Bu baxımdan da, müəllimləri əslində yerlərdə daha çox tanıyırlar. Tutaq ki respublikanın istənilən bölgəsindən bir müəllim gəlib imtahan verir, bal toplayır. Test imtahanını keçirənlər həmin müəllimin xüsusiyyətlərini haradan bilirlər? Onlar ancaq müəllimin savadını qiymətləndirə bilərlər, digər keyfiyyətlərini yox. Amma yerli məktəb direktoru, sakinlər və digərləri müəllimin başqa keyfiyyətlərini də qiymətləndirib, uşaqlarını ona etibar edirlər”.

Xəbərlər