Cəmiyyət, Siyasət 20 May 2021, 20:47 | Baxış sayı: 263
Deputat: "Ermənistan tərəfinin minalanmış ərazilərin xəritəsini təqdim etməməsi mülki vətəndaşlarımızı da hədəf almaqla yanaşı, BMT-nin qəbul etdiyi konvensiyanın şərtlərini də ciddi şəkildə pozur".

Son günlər seçicilərimlə keçirdiyim görüşlərdə ən çox səsləndirilən müraciətlərdən biri azad olunmuş torpaqlarımıza səfər etmək istəkləridir. Onlar doğmalarının məzarlarını ziyarət etmək, doğma yurdlarının nəfəsini duymaq arzularını bildirirlər.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov qeyd edib.

Millət vəkili həm seçicilərinə, həm də digər vətəndaşlarımıza tövsiyə edib ki, işğaldan azad olunmuş ərazilərimiz tam olaraq minalardan təmizlənmədiyi üçün qanunsuz səfərlər edərək həyatlarını təhlükəyə atmamalıdırlar:

“Ermənistan silahlı qüvvələrinin ərazilərimizi minalaması səbəbindən 10 noyabr 2020-ci il tarixindən 10 mart 2021-ci il tarixinədək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 10 mülki şəxs həlak olub, 11 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ermənistan tərəfinin minalanmış ərazilərin xəritəsini təqdim etməməsi mülki vətəndaşlarımızı da hədəf almaqla yanaşı, BMT-nin qəbul etdiyi konvensiyanın şərtlərini də ciddi şəkildə pozur.

Həyati təhlükə yaratdığı üçün ərazilərimiz minalardan təmizlənənə, rəsmi icazə verilənə qədər insanlarımızı səbirli olmağa çağırıram. Uzun illər Vətən həsrəti ilə yaşamış və öz doğma torpağına qayıtmaq istəyən insanların bu istəkləri başa düşülən olsa da, belə vətəndaşlarımızdan azad olunmuş torpaqlara qanunsuz səfər etməmələri xahiş olunur”.

Xəbərlər