Plenar iclaslar 27 May 2021, 16:12 | Baxış sayı: 252
Deputat: "Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həm proqnozlaşdırılması, həm də icrasının nəzarətdə saxlanılması çox vacibdir".

“Bu gün ölkəmizdə uğurla həyata keçirilən səhiyyə islahatları tibbi xidmətlər sahəsində çox mühüm dəyişikliklərə səbəb olur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Soltan Məmmədov deyib.

Deputat bildirib ki, bu, əslində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən strateji əhəmiyyətə malik mühüm prosesdir: “Şübhəsiz ki, sosial müdafiə tədbirlərinin gücləndirilməsində xüsusilə səhiyyə sahəsində həyata keçirilən dövlət proqramlarının əhəmiyyəti olduqca yüksəkdir. Bu baxımdan, dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həm proqnozlaşdırılması, həm də icrasının nəzarətdə saxlanılması çox vacibdir. Mən 2021-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi ilə bağlı çıxışımda da bildirmişdim ki, bəzi hallarda səhiyyə sahəsində dövlət proqramlarının icrası üçün nəzərdə tutulan vəsait istifadə olunmadan dövlət büdcəsinə qaytarılır. Məsələn Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması üzrə dövlət proqramı çərçivəsində 2 milyon manat büdcə ayrıldığı halda bunun yalnız 15 faizi xərclənib. Bu və digər faktlar, dövlət proqramlarının layihəsi hazırlanarkən ehtimal olunan xərclərin kifayət qədər dəqiq proqnozlaşdırlmadığını göstərir. Xərclərin düzgün proqnozlaşdırılması ehtiyac duyulan digər sahələrə vəsait ayrılması baxımından da xüsusi əhəmiyyət kəsb edir”.

Deputat vurğulayıb ki, Hesablama Palatasının da rəyində qeyd olunduğu kimi, dövlət proqramlarının gözlənilən nəticələri və effektivlik göstəriciləri mümkün qədər daha dəqiq hesablanmalıdır.

Xəbərlər