Ümumi, Cəmiyyət, Siyasət 21 İyun 2021, 13:35 | Baxış sayı: 401
Deputat beynəlxalq forumda iştirak edib.

“Türkiyənin Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Antalyada keçirilən bu beynəlxalq tədbirdə dünyanın hər bir yerindən dövlət və hökumət başçıları, xarici işlər nazirləri və digər rəsmilər, o cümlədən diplomatlar, elm adamları iştirak etdiyinə görə Azərbaycan üçün də çox əhəmiyyətlidir”.

Antalya Diplomatiya Forumuna (ADF) qatılan Azərbaycan Milli Məclisinin deputatı, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyev bu fikirləri deyib.

Deputat Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvətilə ADF-də iştirak edib. Millət vəkili beynəlxalq tədbirdə dünyanın gündəmində olan, Azərbaycan üçün önəmli hesab edilən məsələlərin müzakirə olunduğunu vurğulayıb: “Bu forumda qlobal idarəçilik, qlobal çağırışlar, terror təhlükələri, feyk xəbərlər, informasiya müharibəsi kontekstində olan məsələlər, xüsusilə də Cənubi Qafqazda yaranmış reallıq və Azərbaycanla da bağlı çox əhəmiyyətli panellər və müzakirələr keçirildi. Xankəndi millət vəkili olaraq belə bir forumda iştirakı çox əhəmiyyətli hesab edirəm. Foruma təkcə siyasətçilər, qərar qəbul edənlər, parlamentarilər deyil, müxtəlif beyin mərkəzləri, elm adamlarının da qatılması problemlərə elmi baxış nöqteyi-nəzərindən maraq doğurur. Digər tərəfdən, ölkəmizin tanıdılması və əlaqələrin qurulması, genişləndirilməsi baxımından da belə bir tədbirə qatılmaq müsbət haldır”.

T.Gəncəliyev iyunun 18-də “Virtual dünyada saxta xəbərlər” mövzusunda keçirilən paneldə hazırda qlobal problemə çevrilən saxta informasiyaların yayılması ilə bağlı, iyunun 19-da isə “Cənubi Qafqaz: regional sülh və əməkdaşlıq üçün yeni fürsətlər” mövzusunda keçirilən panelin əhəmiyyətini vurğulayıb.
Bu tipli tədbirlərin Azərbaycanda da keçirilməsinin arzu olunduğunu bildirən bildirən millət vəkili deyib ki, ölkəmiz bu sahədə təcrübəyə sahibdir: “Azərbaycanda da dünyanın mühüm siyasətçilərinin iştirakı ilə belə bir diplomatiya forumu təşkil etmək yaxşı olardı”.
Millət vəkili bildirib ki, forumda Şuşa Bəyannaməsinin əhəmiyyəti, Zəngəzur dəhlizinin açılması və 44 günlük vətən müharibəsində Azərbaycanın qələbəsi məsələləri də vurğulanıb, T.Gəncəliyev “Qarabağa dönüş” İctimai Birliyinin sədri olaraq beynəlxalq qurumların nümayəndələri, diplomatlar, rəsmi şəxslərin Qarabağla bağlı suallarını cavablandırıb.

Xəbərlər