Ümumi 31 Mart 2021, 22:33 | Baxış sayı: 279
Deputat: “Azərbaycan Prezidentinin müvafiq dövlət qurumları qarşısında qoyduğu əsas vəzifə bundan ibarətdir ki, insanların sağlamlığını qorumaq üçün bütün imkanlardan maksimum istifadə olunmalıdır".

“Azərbaycanın MDB ölkələri içərisində COVİD-19-a qarşı peyvənd olunan vətəndaşların say nisbətinə görə ilk sırada olması dövlət tərəfindən vaxtında atılmış addımların nəticəsidir”. 

Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov deyib. 

Millət vəkili vurğulayıb ki, COVİD-19 pandemiyasının yayılmağa başladığı ilk günlərdən dövlət tərəfindən bütün zəruri addımlar atılıb. Onun sözlərinə görə, ölkədə virusla bağlı analizlər götürən laboratoriyaların sayının artırılması, modul tipli xəstəxanaların qurulması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, iqtisadi sahəyə dəyən zərərin qarşılanması ilə bağlı müxtəlif istiqamətləri əhatə edən kompleks tədbirlər həyata keçirilib.

Soltan Məmmədov qeyd edib ki, insanların sağlamlığının qorunması pandemiya ilə bağlı mübarizə strategiyasının əsas xəttini təşkil edib: “Bildiyiniz kimi müxtəlif vaxtlarda sərtləşdirilmiş karantin rejimin tətbiqi zərurəti yarandı. Karantin rejiminin pozulmasına görə cərimələr sərtləşdirildi. Bununla paralel olaraq, xəstəliyə yoluxmuş insanların müalicəsi ilə bağlı kifayət qədər ciddi işlər görüldü. Lakin virusa qarşı mübarizənin ən effektiv yolu, şübhəsiz ki, peyvəndlərin tətbiqindən keçir. Azərbaycan elə ilk günlərdən müxtəlif ölkələrin, tədqiqat institutlarının bu istiqamətdə araşdırmalarını diqqətlə izləyirdi. Ona görə də COVİD-19-a qarşı peyvəndlərin tətbiqini həyata keçirən ilk ölkələrin sırasında oldu”.

Millət vəkili Azərbaycan dövlətinin pandemiya ilə mübarizə strategiyası çərçivəsində gördüyü işlərin bir çox beynəlxalq ekspertlər, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri tərəfindən yüksək qiymətləndirildiyini xatırladıb. O, peyvəndlərin bölüşdürülməsi zamanı qeyri-obyektiv amillərin mümkün təsirlərinin də öncədən proqnozlaşdırıldığını, peyvənd strategiyası hazırlanarkən bu problemlərin əvvəlcədən nəzərə alındığını deyib: “Azərbaycan Prezidentinin müvafiq dövlət qurumları qarşısında qoyduğu əsas vəzifə bundan ibarətdir ki, insanların sağlamlığını qorumaq üçün bütün imkanlardan maksimum istifadə olunmalıdır. Azərbaycan peyvəndləri ilk tətbiq edən ölkələrin sırasında olmalı idi. Bu gün biz buna uğurla nail oluruq. Azərbaycan bir neçə mənbədən peyvənd almaq imkanına malikdir. Hesab edirəm ki, bu xəstəliyin yayılmasının qarşısının alınmasına və kütləvi yoluxma hallarının aradan qaldırılmasına imkan verəcək”.

Xəbərlər