İqtisadiyyat 14 İyun 2023, 17:37 | Baxış sayı: 153
“Depozit faizi bir tərəfdən vətəndaşa imkan verməlidir ki, o, bankda vəsait saxlamaqla gəlir əldə etsin, digər tərəfdən bankın xərclərini kəskin artırmasın”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Mərkəzi Bankın sədri Taleh Kazımovun “depozit faizlərini aşağı salsaq, camaat depozitini banka gətirməyəcək” fikirlərinə münasibət bildirib.

 

V.Bayramov Pravda.az-a açıqlamasında deyib ki, söhbət depozit faizləri ilə kredit faizləri arasındakı əlaqədən gedir. 

 

“Çünki bankların cəlb etdiyi vəsaitlər həm də kredit formasında təqdim olunur. Bu gün bütövlükdə kommersiya banklarının kredit portfeli 1 milyard manatdan artıqdır. Onların da əhəmiyyətli hissəsini cəlb etdikləri depozitlər təşkil edir. Bu baxımdan kredit faizləri birbaşa təsir göstərir. Çünki depozit faizlərinin yüksək olması həmin banklar tərəfindən daha yüksək kredit faizlərinin təklifinə gətirib çıxarır”, - deputat bildirib.

 

V.Bayramovun sözlərinə görə, məqsədəuyğundur ki, həm depozit, həm kredit faziləri optimal olsun:  “Əlbəttə ki, söhbət çox aşağı depozit fazilərindən yox, optimal depozit faizlərindən gedir. Depozit faizi bir tərəfdən vətəndaşa imkan verməlidir ki, o, bankda vəsait saxlamaqla gəlir əldə etsin, digər tərəfdən bankın xərclərini kəskin artırmasın, banklar daha aşağı faizli kreditlər təklif edə bilsinlər. Buna görə də daha məqsədəuyğunu depozit faizlərinin kəskin azalması deyil, optimallaşdırılmasıdır. Həm depozit sahibləri üçün, həm də banklar üçün optimal faizlərin tətbiqi daha vacibdir”.

Xəbərlər