“Demokratiya sammitinə” elə ölkələr dəvət alıb ki, onlar hələ də qəbilə halında yaşayırlar
ABŞ-nin ev sahibliyi ilə keçirilən “Demokratiya sammiti” dünyada demokratiyanın təbliğinə və ya onun inkişafı məqsədini daşımır, bu sadəcə Ağ Evin və onun hazırkı administrasiyasının cari maraqları üçün taktiki alət rolunu oynayır.
Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin üzvü Kamran Bayramov deyib.
Deputatın sözlərinə görə, bunun üçün tədbirə dəvət alanların siyahısına diqqət yetirmək kifayətdir.
“Ora elə dövlətlər dəvət alıblar ki, inandırım size, onlar hətta demokratiya sözünün mənasını, heç onun “d” hərfini belə bilmirlər. Formal dövlət olsalar da, hələ də qəbilə halında və qəbilə qaydaları ilə yaşayırlar.
Bir çox ölkələri isə nəinki öz ölkələrində qanunun aliliyini, demokratiyanı kobud pozurlar, qonşu ölkələrə qarşı işğalçılıq, soyqırımı siyasəti həyata keçirirlər. Bununla da beynəlxalq hüququ ayaqlar altına atırlar. Heç uzağa getməyək, həmin tədbirə dəvət alan Ermənistanı götürək. Ermənistan təkcə Azərbaycan torpaqlarını işğal edib, yüz minlərlə insanın ən fundamental hüquqlarını kobud surətdə pozub, Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçiriblər. Ermənistan daxilində isə hakimiyyət hər zaman öz rəqiblərinə qarşı amansızcasına davranıb. Onları zərərsizləşdirmək üçün ən müxtəlif absurd iddialarla həbs etdirib. Hər addımında demokratik dəyərlərin pozulduğu Ermənistan belə bir tədbirə dəvət alır, amma dünyada ciddi demokratik imicə malik Türkiyə, Macarıstan, Azərbaycan və digər ölkələr isə yox. Bu, ümumiyyətlə, demokratik dəyərlərə həqarətdir”, - o qeyd edib.
Deputat əlavə edib ki, bu, bir daha demokratiya sammitinin mənasız və Amerikanın qlobal səviyyədə rəqiblərinə qarşı yönələn bir tədbir olmasını göstərir:
“Ona görə də tədbirə dəvət ölkələrdəki demokratiyanın inkişafı, oturuşması deyil, selektiv, şəxsi maraqlar baxımdan yanaşma olub. Çünki Ermənistan kimi işğalçı, terroru dəstəkləyən, antidemokratik dövlətin sammitə dəvət edilməsi sözün əsl mənasında fiaskodur. Bu, bir daha özünü demokratiyanın beşiyi hesab edən ABŞ-nin dünya ölkələrinə ikili siyasətinin bariz nümunəsidir. Bir daha qeyd edirəm ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra bütün siyasi rəqiblərinə qarşı repressiya həyata keçirib, o eyni zamanda Ukrayna məsələsində ikibaşlı oyununu davam etdirməkdədir. Bu gün Ağ Evdə də yaxşı bilirlər ki, Ermənistan Rusiyaya tətbiq edilən sanksiyalardan yan keçib, onun təsirlərinin azaldılması istiqamətində ən aktiv iştirak edən ölkələr sırasındadır. Bunu bilə-bilə yenə də Ermənistan tədbirə dəvət alır. Ona görə də demokratiya adı altında keçirilən sammit dünyada demokratik dəyərlərin oturuşub, möhkəmlənməsinə yox, əksinə, həmin dəyərlərin daha da zəifləməsinə, ikili standartların davam etməsinə xidmət edir. Bu nəticə etibarı ilə ABŞ-nin beynəlxalq aləmdəki nüfuzuna mənfi təsir edəcək”.