Siyasət 31 Mart 2023, 17:23 | Baxış sayı: 291
"“Demokratiya sammiti”nə dəvət seçimi ABŞ-ın maraqlarına uyğun müəyyən edilib"

Demokrat.az xəbər verir ki, Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli Gununsesi.info-ya müsahibə verib.

Vitse-spiker əməkdaşımızla söhbətində ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə təşkil olunan “Demokratiya Sammiti”nə Azərbaycanın dəvət almaması, Paşinyanın həmin sammitdə çıxışı və ölkəmizdə insan haqlarının durumuna dair suallara cavab verib:


– Əli müəllim, Azərbaycan ABŞ prezidenti Corc Baydenin təşəbbüsü ilə təşkil olunan “demokratiya sammiti”nə dəvət almadı. Ümumiyyətlə, bu sammit haqqında nə düşünürsünüz, onu əhəmiyyətli hesab edirsinizmi? Azərbaycan bu sammitə çağırılmamaqla nə itirir? Qeyd edim ki, Paşinyan sammitdə fürsətdən istifadə edib Baydenin qarşısında Azərbaycan əleyhinə bəyanatlar səsləndirib.

– Məlum olduğu kimi, ABŞ prezidenti Corc Baydenin təşəbbüsü ilə 28-30 mart tarixlərində “Demokratiya sammiti” keçirilmişdir. İlk olaraq nəzərə çarpan məqam odur ki, siyahı demokratiya meyarlarına uyğun olaraq yox, məhz ABŞ-ın qlobal, geosiyasi maraqları baxımından, ikili standartlar əsasında tərtib olunub. “Demokratiya sammiti”nə dəvət olunanların sırasında daha çox insan haqlarının və demokratiyanın pozulduğu ölkələr yer alıb. Ona görə də bu ölkələrin hansı kriteriya ilə seçildiyi ciddi suallar doğurur və ikili standartların növbəti nümunəsi kimi ortaya çıxır.

Bu baxımdan heç də təəccüblü deyil ki, məsələn, ABŞ-nın özünə müttəfiq hesab etdiyi və Ukrayna müharibəsində qlobal əhəmiyyətli rolu öhdəsinə götürmüş Türkiyə, NATO və Aİ üzvü olan Macarıstan tədbirə dəvət almayıb. ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəsinə güclü dəstək verən, Onun Yaxın Şərqdə və Əfqanıstandakı əməliyyatlarında sülhməramlı missiya ilə iştirak edən, hazırkı enerji böhranı şəraitində Qərbin etibarlı tərəfdaşına çevrilən, sayca ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edən, qlobal təşəbbüsləri ilə dünya ictimaiyyətinin diqqətini çəkən Azərbaycanın da adı bu siyahıya salınmayıb.

Əksinə, BMT-nin məlum 4 qətnaməsinə məhəl qoymadan 30 il Azərbaycan ərazilərini işğal altında saxlamış, misli görünməmiş beynəlxalq cinayətlər törədən, terrorçu erməni mafiyasının idarə etdiyi, elə ABŞ Dövlət Departamentinin Ermənistanda 2022-сi ildə insan haqlarının vəziyyəti ilə bağlı hesabatında da əks olunduğu kimi, ölkə daxilində insan hüquqlarının və demokratiyanın ən kobud şəkildə pozulduğu, 2022-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlərin sayına görə ilk onluqda yer almış rəsmi İrəvan isə bu tədbirdə iştirak etmək “şərəfinə nail olub”.

Ümumilikdə, belə təəssürat yaranır ki, sammiti təşkil etməklə, ilk növbədə, C.Bayden seçkiqabağı verdiyi vədi formal olaraq yerinə yetirmiş olur. Xatırlayırsınızsa, 2021-ci ilin sonlarından baş tutmuş ilk demokratiya sammitində bir sıra problemli məsələlər ortaya çıxmışdı və bu suallar ətrafında aparılan müzakirələrin heç bir real nəticəsi olmadı. Belə üsullarla subyektiv kriteriyalar əsasında dünyanı birinci və ikinci dərəcəli ölkələrə bölünməsini həm də son dövrlər baş verən ciddi və təhlükəli geosiyasi təlatümlər fonunda ABŞ-nın tərəfdaşlarını təftiş etmək üçün siyasi marker kimi istifadə etmək cəhdi kimi də dəyərləndirmək olar. Çünki beynəlxalq təşkilatların hesabatlarında göstərilən demokratiya dərəcələri ilə Baydenin tərtib etdiyi siyahı arasında fərq əhəmiyyətli dərəcədə böyükdür.

Bu baxımdan, düşünürəm ki, “demokratiya sammiti”-nin formalaşdırdığı zərərli meyillər dünyada insan hüquqlarının qorunmasına verə biləcəyi töhfədən qat-qat çoxdur. İştirakçıların böyük əksəriyyətinin sammitin yekun bəyanatında ABŞ-nın Rusiya-Ukrayna müharibəsinə münasibətilə bağlı rəyini dəstəkləməməsi bunu təsdiq edir. Demokratik prinsiplərin əsas götürülmədiyi hansısa tədbirdə iştirak edib-etməmək demokratiyasının göstəricisi sayıla bilməz. Bütün bu səbəblərə görə də Azərbaycanın bu sammitə qatılmaması ölkəmizin nəyisə itirəcəyi anlamına gələ bilməz.

– Amma Nikol Paşinyan Baydenin qarşısında Azərbaycan əleyhinə danışmaq şansı qazandı…

– Nikol Paşinyanın bu tədbirdə Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsinə gəlincə, bu, heç də təəccüblü deyil və yalnız acı təəssüf doğurur. Ermənistan liderinin belə gülünc davranışları artıq adət halını alıb. Paşinyan orada Bakının və onun ən yaxın müttəfiqi olan Türkiyə nümayəndəsinin olmadığını fürsət bilərək, ölkəsindəki problemlər barədə söz açmaqdansa, Azərbaycana qarşı yalan və iftira dolu qərəzli bəyanatlar səsləndirməyə üstünlük vermişdir. Tamamilə məntiqlidir ki, onun ciddi-cəhdlərinə baxmayaraq, bu məqam yekun bəyanatda öz əksini tapmamışdır.

– Azərbaycanda insan haqları, məhkəmə-hüquq sistemi barəsindəki durum həm Avropa Parlamenti, həm də ABŞ Dövlət Departamentinin hesabatında əks olunub. Avropa Məhkəməsinin qərarları da təsdiq edib ki, bu problemlər var. Bəs, bu məsələlərin həlli üçün real addımlar atılmasına nə mane olur?

– Qeyd edək ki, Azərbaycanın hökümət və parlament ölçüsündə həm Avropa İttifaqı, həm də bu quruma daxil olan bir çox ölkələrlə birbaşa münasibətləri yüksək səviyyədədir. Ölkəmiz Avropa Şurası Parlament Assambleyasında və Avronest Parlament Assambleyasında gündəliyə çıxarılan məsələlərin müzakirəsində ən fəal iştirak edən üzvülərdən biridir. Eyni zamanda ABŞ-la qarşılıqlı münasibətlərimiz səmərəli əməkdaşlığa söykənir. Lakin Avropa Parlamenti və ABŞ Dövlət Departamenti erməni lobbisinin təsiri altında olduqlarından Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirirlər.

O ki qaldı Avropa Məhkəməsinin qərarlarına, bu məsələdə Azərbaycandan qat-qat pis mövqedə olan ölkələr mövcuddur. Bununla yanaşı, Azərbaycan Avropa Şurasının üzvüdür və Avropa Məhkəməsinin yurisdiksiyasına daxildir. Biz Avropa Məhkəməsinin presedent hüququ da daxil olmaqla Avropa Konvensiyasını milli qanunvericiliyimizin tərkib hissəsi kimi qəbul edirik. Bu sıradan Avropa Məhkəməsinin qərarları daim izlənir və onların icrası üçün də müvafiq tədbirlər görülür.

Xəbərlər