İqtisadiyyat 4 Aprel 2023, 14:37 | Baxış sayı: 161
"Çox təəssüf ki, bugünkü reallıqlar şəraitində “Reklam haqqında” qanuna tam əməl edilmir"

Reklam iqtisadiyyatın lokomotividir. Əgər bu gün iqtisadiyyatımızın inkişafına mane olan faktoları araşdırsaq, səbəblərdən birinin reklam siyasətinin düzgün qurulmaması olduğunu görə bilərik.

Paytaxtımızdakı açıq hava reklamlarına diqqət yetirsək, görərik ki, yerli istehsal olan məhsulların reklamlarına çox az rast gəlinir. Üstəlik, reklam üçün müəyyən edilmiş qiymətlərdə yerli istehsalçılarla əcnəbi şirkətlərə fərq qoyulmaması xeyli sual doğurur. Bu da təbii ki, yerli istehsalın inkişafına əngəl törədir.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Millət vəkili Vahid Əhmədovun fikirlərini öyrəndik.  
Deputat Bizim.Media-ya açıqlamasında “Reklam haqqında” qanuna bir çox dəyişikliklərin edildiyini bildirib:

“Amma çox təəssüf ki, bugünkü reallıqlar şəraitində “Reklam haqqında” qanuna tam əməl edilmir. Bu sahədə problemlər kifayət qədər çoxdur. 

Reklam hərəkətverici qüvvədir. Ölkəmizin sənaye potensialının güclü reklam edilməsi lazımdır. Amma biz daha çox əcnəbi şirkətlərin reklamını görürük.

Halbuki, yerli sahibkarlara ADRA daha çox yer ayırmalı, onlara qiymətdə güzəştlər etməlidir. Ən pisi də odur ki, bu qurumdan büdcəyə gələn gəlir çox cüzidir. Bu barədə dəqiq məlumatı Vergi Xidməti bilir. 

Əslində isə reklamdan Azərbaycana yüz milyonlarla gəlir gəlməlidir. Amma hanı? Çünki, gəlirlər şəxsi ciblərə gedir. Bu gün reklam idarəçiliyində dəyişikliyə çox böyük ehtiyac var. ADRA ilk növbədə yerli şirkətlərlə müqavilələr bağlamalı və onlara qiymətlərdə güzəştlər etməlidir. Yalnız bundan sonra xarici şirkətlərə yer vermək lazımdır. Reklam iqtisadiyyata xidmət edən sahədir. Lakin Azərbaycan iqtisadiyyatı bu xidmətdən məhrumdur”.  

Xəbərlər