Cəmiyyət 13 Sentyabr 2021, 15:54 | Baxış sayı: 495
"COVID pasportunun tətbiqinin məqsədəuyğunluğu isə məndə hələ də sual doğurur.."

"Böyük Britaniya izdihamlı yerlərin girişində COVID pasport yoxlamaları tətbiq etmək planlarından imtina edib. Səhiyyə naziri Sacid Cavid bunu açıqlayaraq qeyd edib: "Nəyisə sadəcə etmək xatirinə etmək lazım deyil."

Bunları deputat Nigar Arpadarai öz sosial media hesabında yazıb:

"Danimarkada isə bütün karantin məhdudiyyətləri ləğv olunub.

2020-ci ilin əvvəlində dünyada tətbiq olunmağa başlayan karantin tədbirlərinin aydın bir məqsədi vardı - səhiyyə sisteminə olan təzyiqi azaltmaq və onun çökmə təhlükəsinin qarşısını almaq. Həmin aylar ərzində müvafiq işlər görülməli, xəstəxanalar və kadrlar hazırlanmalı, müalicə protokolları təkmilləşdirilməli, dərman təchizatı sistemi qurulmalı idi, qısa söyləsək, səhiyyə və bütün digər sahələr yeni şəraitə uyğunlaşmalı idi.

Böyük Britaniya və Danimarka kimi ölkələr bu yolla gedərək, hazırda vətəndaşları əsassız məhdudiyyətlərə məruz qoymamaq, COVID virusuna yoluxmalar şəraitində yaşamaq üçün hazırdırlar.

Azərbaycanda da pandemiya ilə mübarizə sahəsində çox işlər görülüb. Son bir il yarım ərzində dövlət xəstəxanalara, avadanlıqlara, dərmanlara böyük vəsait ayırıb. Peyvəndləməyə də erkən başlanılıb. Bunlar təqdirəlayiqdir! Amma indiki mərhələdə bir sual yaranır- 𝐂𝐨𝐯𝐢𝐝 𝐩𝐚𝐬𝐩𝐨𝐫𝐭𝐮𝐧 𝐭ə𝐭𝐛𝐢𝐪𝐢𝐧ə 𝐞𝐡𝐭𝐢𝐲𝐚𝐜 𝐯𝐚𝐫𝐦ı? Azərbaycanda hal-hazırki məhdudiyyətlər epidemioloji, iqtisadi və hüquqi baxımdan məqsədəuyğundurmu?!

COVID virusunu öncə keçirmiş, antikor olan insanlardan peyvəndi təsdiq edən sənəd (COVID pasportu) tələb edilməlidirmi? Axı bu insanlarda yenidən yoluxma ehtimalı demək olar ki, sıfıra yaxındır (bunu beynəlxalq araşdırmalar göstərir). Peyvəndi artıq virusu keçirmiş birinə sərf etmək heç bir praktik nəticə verməyən, enerji, pul və vaxt itkisidir, səhiyyə sisteminə yükdür. Üstəlik, Azərbaycanda peyvənd olunanların və virusa yoluxanların (antikor olanların) sayı çoxdur.

COVID pasportunun yoxlanması ticarət mərkəzlərində və restoranlarda insanları infeksiyadan qorumağın yoludurmu?! (‘Vaksin olunanlar xəstəliyi daha asan keçirir’ arqumenti var, amma COVİD pasportu olanlar belə digərlərini yoluxdura bilər, ona görə bu məhdudiyyətin ‘kollektiv fayda’ məntiqi mövcud deyil, çünki peyvəndlənmiş insan özü xəstəliyi asan keçirsə belə digərlərini yoluxdurur). Peyvənd olunmuş insanlar da xəstələnirlər, bu o deməkdir ki, restorana gələn hər kəsin əlində Covid pasportun olması sizin yoluxmamağınız demək deyil. Amma iqtisadiyyat və biznes sahələri bundan əziyyət çəkir.

Zənnimcə indi daha önəmli sual budur - COVID -19 virusuna yoluxmaların davam etdiyi bir zaman səhiyyə sistemimiz təzyiq altında işləməyə öyrəşdimi?

Bu suallar, ölkədə neçə adamın COVID pasportu sahibi olması sualından daha əhəmiyyətlidir. COVID pasportunun tətbiqinin məqsədəuyğunluğu isə məndə hələ də sual doğurur..

Xəbərlər