"Çörəyin ya qiymətində, ya da çəkisində dəyişiklik olacaq".
Milli Məclisin deputatı, İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov taxıl qıtlığının qiymətlərə təsir edəcəyini bildirib. "Çörəyin ya qiymətində, ya da çəkisində dəyişiklik olacaq. Azərbaycan hər il 1,3 milyon tona qədər buğda idxal edir. Un üçün yararlı olan buğdanın isə böyük hissəsini xaricdən alırıq. Dünyada elə ölkələr var ki, onlar tamamilə xarici buğdadan asılıdırlar. Ona görə də, Türkiyənin təşəbbüsü ilə Ukrayna taxılının dünya bazarına çıxarılması təmin edildi. Bununla Türkiyə bir sıra ölkələri, o cümlədən, Afrika ölkələrini aclıqdan xilas etdi. Amma böhran hələ də qalmaqdadır. Azərbaycana yaxın olan Pakistan dövləti bizə öz taxılını təklif edib. Mənim aldığım məlumata görə, kifayət qədər ehtiyatımız var. Məsələ dövlət başçısının nəzarətindədir. Düzdür, qiymət artımı var və bu gözləniləndir. Əsas odur ki, bizim pulumuz var və istənilən dövlətdən taxıl alıb gətirə bilərik. Yəqin ki, hökumət alternativ variantlardan istifadə edəcək. Amma bir daha təkrar edirəm, qıtlıq qiymətlərə təsir edəcək."
Deputat həmçinin vurğulayıb ki, qida böhranına hazır olmalıyıq. "Biz çörəyi çox yeyən xalqıq. Əslində, bütün dünyada undan çox istifadə olunur. Bəzi ölkələrdə bu, makaron, şirniyyat şəklində istehlak olunur, bəzi ölkələrdə isə çörək. Biz çörəyə üstünlük veririk. Bizdə həmçinin israfçılıq da çoxdur. Məsələn, toylarda nə qədər çörək və digər un məmulatları masanın üzərində qalır. Qıtlıqla bağlı ölkə başçısı İlham Əliyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov da əhaliyə xəbərdarlıq edib. Yəni biz qida böhranına hazır olmalıyıq. İndidən kəmərlərimizi bərkitməliyik".
Mənbə: Gundem.az