Siyasət 28 Aprel 2023, 16:39 | Baxış sayı: 113
“Çəkmədiyim məhrumiyyət qalmayıb, ölümlə belə üz-üzə qalmışam...”

Milli Məclisin deputatı Razi Nurullayevin parlamentin sonuncu plenar iclasında həmkarı Vahid Əhmədovu bloqer Mehman Hüseynova müsahibəsində səsləndirdiyi bəzi fikirlərə görə tənqid etməsi birmənalı qarşılanmayıb. Bildirilir ki, Razi Nurullayev parlamentdə müxalifət partiyası kimi təmsil edilir, amma özü fərqli fikir söyləyən Vahid Əhmədovu tənqid edir. Eyni zamanda qeyd olunur ki, parlamentdə müxalifət yoxdur...

 

R.Nurullayev Pravda.az-a açıqlamasında məsələni belə şərh edib:

 

“Özüm hər zaman fərqli fikir demişəm, fərqli fikir deyən digərlərinə də hörmətlə yanaşıram. Amma fərqli fikir də hər zaman həqiqət deyil axı. Fərqli fikir altında şantaj da, aşağılama da, şər-böhtan, yalan da ola bilər. Vətəndaşlar Vahid Əhmədovun dediklərinin onlara xoş gələn hissəsini bəyənirlər. Yəni bu gün çoxlarının qulağına məmurun, deputatın, bütün vəzifəli şəxslərin söyülməsi xoş gəlir və bu cür danışanları alqışlayırlar. Bu gün de ki, “filan icra başçısı yaxşıdır”, səni söyəcəklər, de ki, “pisdir”, onda səni alqışlayacaqlar. Bu, artıq bütün dünyada az qala trendə çevrilib”.

 

 Deputat təəssüflə bildirib ki, Vahid Əhmədov da bilə-bilə bu trendə qoşuldu:

 

“O, həm öz həmkarlarını hədəfə çevirdi, həm də bunun üzərində siyasi xal qazanmaq istədi. “Deputatlar saxtadır”, “iki-üç nəfərdən başqa heç kim işləmir” demək məgər fərqli fikirdir? Saxta, yalan, haram bildiyin yerdə 40 il işləmək, oturmaq və yararlanmaq fərqli yanaşmadır? Əlbəttə, yox. Fərqlilik qurban vermək deməkdir, məhrumiyyətlər, məşəqqətlər və dissident həyatı yaşamaq deməkdir. Vahid Əhmədov fərqli fikir daşıyıcısı olsaydı, gərək bir neçə dəfə də dissident həyatı yaşayardı. Yaşayıbmı? Yox. Demək ki, fərqli fikir daşıyıcısı deyil. Amma mənim çəkmədiyim məhrumiyyət qalmayıb. Ölümlə belə üz-üzə qalmışam. İndi o heç məni də müxalifət kimi görmür. Öz sahəsindən danışmaq əvəzinə, bütün sahələrə fikir bildirir və hər kəsin bostanına daş atır. Digər tərəfdən isə adam gərək şüşə evdə oturub, başqasının evinə daş atmasın”.

Xəbərlər