Siyasət 27 Yanvar 2023, 18:35 | Baxış sayı: 277
“Cinayətin sifarişçiləri layiqli cəzalarını almalıdır”

“Azərbaycanın İrandakı səfirliyinə terror hücumu qəbuledilməzdir. Hadisənin səbəbləri obyektiv şəkildə araşdırılması və bu cinayəti törədən, cinayətin sifarişçiləri layiqli cəzalarını almalıdır”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin də artıq hadisəyə münasibət bildirdiyini xatırladan S.Fətəliyeva bildirib ki, dövlətimizin başçısının dediyi kimi, bu hadisə terror aktıdır. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu isə qəbulolunmazdır. Onun sözlərinə görə, beynəlxalq hüquqa və konvensiyalara əsasən diplomatik korpuslar toxunulmazdır və hər bir dövlət ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməlidir. Amma görünən odur ki, rəsmi Tehran Azərbaycan səfirliyinin mühafizəsinin təşkil olunmasına laqeyd yanaşıb. Buna görə də, baş verən terror aktına görə İran dövləti də məsuliyyət daşıyır.

Millət vəkili qeyd edib ki, son zamanlar İranın ölkəmizə qarşı mövqeyi ortadadır: “Çünki öz ərazilərini erməni işğalından azad edən Azərbaycanın həm regionda, həm də dünyada mövqelərini güclənib. Eyni zamanda, dövlətimiz regionda sülh və əməkdaşlıq müstəvisində önəmli təşəbbüslərlə çıxış edir. Bütün bunlar rəsmi Tehranı narahat edir. İran hakimiyyətinin bir müddətdir ki, ölkəmizə qarşı qərəzli, təhdid dolu münasibəti də buradan qaynaqlanır. Bütün bunların fonunda Tehrandakı səfirliyimizə terror hücumu ciddi suallar doğurur”.

Sevinc Fətəliyevanın fikrincə, Tehran polisinin cinayətin məişət zəminində baş verməsinə dair açıqlaması tamamilə əsassızdır: “Bu açıqlama cinayətin dəqiq səbəblərini gizlətməyə xidmət edir. Artıq terror hücumunun videogörüntüləri də yayılıb. Hadisə obyektiv araşdırılmalı və bütün cinayətkarlar laqyili cəzalarını almalıdırlar. Terror hücumu zamanı həlak olmuş şəhidimizin ailəsinə başsağlığı verir, yaralananlara Allahdan şəfa arzulayıram”.

Xəbərlər