Cəmiyyət 28 Mart 2023, 17:29 | Baxış sayı: 125
“Bəzi gənclərimiz bunlarla qane olmurlar, şəhərdə yaşamağı üstün tuturlar”

Bayram günlərində bölgələrə səfər edənləri kənd yerlərində bir çox evlərin qapılarında qıfıl olması narahat edib. Kənddə yaşayanların əksəriyyəti bayramdan-bayrama evlərinə baş çəkirdilərsə, artıq bu da yoxdur. Şəhərdəki mənzərə isə getdikcə daha qorxulu görüntü almağa başlayır. Müzakirələr zamanı bildirilir ki, insanların bölgələrdən Bakıya axın etməsi milli faciə yaradacaq. Bununla bərabər kəndlərdə ocaqlar sönür, insan nəfəsi evlərdən çəkilir, bağ-bağat, əkin sahələri quruyur, yollar dağılır, istehsal resursları göz görə-görə məhv olur… Belə başa düşülür ki, şəhərə axının qarşısı alınmasa, getdikcə kənd və yaxşı mənada “kəndçi” anlayışı da unudulacaq. Təklif edilir ki, insanlarımızı kəndə qaytarmaq üçün real, “yeyintisiz” proqrama ehtiyac var.

 

Mövzu ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov da Pravda.az-a açıqlamasında deyib ki, bu məsələ insanları hər zaman narahat edir, təbii haldır.

 

Deputat qeyd edib ki, bu problem əksər dövlətlərdə müzakirə mövzusudur: “Kənddən şəhərə axın daim olub. Nəzərə çarpacaq dərəcədə hiss olunan məsələdir. Dövlətimiz bu istiqamətdə bir çox addımlar atır. Cənab Prezident kənd yollarının rayon mərkəzlərinə gələn hissəsinin abadlaşdırılması ilə əlaqədar xüsusi tapşırıqlar verib ki, kəndçi istehsal etdiyi məhsulları rayon, şəhər bazarlarına çatdırmaqda çətinlik çəkməsin. Yol mədəniyyətdir, inkişaf, yüksəliş deməkdir. Məhz elə bu məqsədlə uğurlu addımlarımız var. Lakin müasir dövrdür. Zamanı müqayisə etsək, görərik ki, gənclərimiz şəhərdə yaşamağa daha çox üstünlük verirlər. Bu baxımdan, müəyyən problemlər yaranır. Regionlarda, kəndlərdə yeni iş yerlərinin yaradılması üçün dövlət proqramları var. Bu sahədə iş aparılmadığını demək doğru olmaz. Məsələn, özünəməşğulluq proqramları. İşsiz vətəndaşlarımıza Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb olunmaqda təmənnasız, birdəfəlik yardım göstərilir. Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar dövlət proqramları məhz bundan ötrü idi ki, bölgələrimizdə, rayonlarımızda, kəndlərimizdə sosial-iqtisadi inkişafın təmin olunması üçün addımlar atılsın. Addımlar atılıb, amma işləri daha da sürətləndirmək lazımdır ki, şəhərə axın azalsın. Bəzi gənclərimiz bunlarla qane olmurlar. Şəhərdə yaşamağı üstün tuturlar. Bu da şəhərdə sıxlığın yaranmasına gətirib çıxarır. Bunun qarşısını almaq üçün təbii ki birinci növbədə kənddə müəyyən şərait qurula bilməsə də, bölgələrdə qurula bilər. Məsələn, Gəncədəki şərait Gəncəətrafı rayonlara öz faydasını verə bilər. Bölgələrimizdə böyük iş yerləri yarada, gənclərimizi cəlb edə, onlara yüksək əməkhaqqı verə bilsək, əlbəttə, şəhərə axının qarşısını almaq mümkündür. Elə etmək lazımdır ki, kəndlərdəki fermerlərin istehal etdikləri məhsullara heç bir maneə törədilməsin. Həmin məhsulların qiymətinə təsir göstərmədən fermerlər mallarını sərbəst şəkildə bazara çıxara bilsinlər. Bu istiqamətdə uğurlu addımlar atılır. Düşünürəm, bunu daha da ciddi nəzarətdə saxlamaq lazımdır. Bundan əlavə, ali təhsil müəssisələrimizin əksəriyyəti Bakıda yerləşir. Düzdür, bölgələrdə də var, amma azlıq təşkil edir. Artıq tələbələrimizin təkcə mərkəzdə yox, bölgələrdə də təhsil almalarına şərait yaratmaq lazımdır”.

 

A.Məmmədov bildirib ki, bölgələrdə kommunal xidmətlərin yüksək səviyyədə qurulması vacibdir: “Düzdür, rayonlarımızda qazlaşma yüksək səviyyədədir. Elektrik, su təminatında bəzi yerlərdə müəyyən problemlər var, amma bu istiqamətdə də yüksək nəticələr əldə olunub. Amma elə etməliyik ki, rayonlarda, kəndlərdə yaşayış tərzi şəhərdəkinə uyğunlaşdırılsın. Sadaladığımız problemlərin bir hissəsinin qarşısını ala bilsək, dediyimiz səviyyədə qura bilsək, gənclərimizin şəhərə axınının qarşısını almaq mümkündür. Kənddə böyüyən gənclərin arasında elə ixtisas sahibi olanlar var ki, onlar kənddə ixtisaslarına uyğun iş tapa bilmirlər. Məcburdurlar ki, harada iş varsa, orada işləsinlər. Bu da ancaq mərkəzdə mümkündür. Birdən-birə bu işlərin hamısını həll etmək mümkün deyil. Azərbaycan bu gün qalib ölkə olsa da, bəzi mübahisəli məsələlər bitməyib. İşğaldan azad olunmuş ərazilərimizdə ciddi quruculuq işləri yüksək səviyyədə gedir. “Ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyası çərçivəsində böyük addımlar atılır. İnanırıq ki, yaxın gələcəkdə bu istiqamətdə işlər daha da sürətlənəcək. Bu da bir yenilikdir ki, ata-anası işğaldan azad olunmuş bölgələrimizdə doğulub, boya-başa çatan, lakin o torpaqları görməyən gənclərimiz də həmin torpaqlara qayıdacaq, özləri üçün lazımi şərait və iş qura biləcəklər. Dövlətin bu istiqamətdə atdığı addımları görüb, dəyərləndirmək lazımdır. Görülən işləri danmaq olmaz. Bu gün müharibədən çıxmış bir ölkə qısa zaman kəsiyində böyük layihələrin icrasını artıq təmin edir…”

 

A.Məmmədov ali təhsili olmayan gənclərin də Bakıya axın etmələri, kənd təsərrüfatı, sağıcılıq, ferma işləri ilə məşğul olmağı özlərinə sığışdırmamalarına isə belə münasibət bildirib: “Əlbəttə, bu cür düşüncəli gənclərimiz də var. Onlar da istəyirlər ki, şəhərdə yaşasınlar. Amma bəziləri şəhərdəki çətinlikləri, problemləri gördükdən sonra kənd şəraitinə daha çox üstünlük verirlər. Bunun da şahidiyik. Belə gənclərlə söhbət etmişik. Əsas məsələ budur ki, həmin gənclərin kənddə hansısa sahədə öz işlərini qura bilmələri üçün müəyyən bürokratik əngəllər aradan götürülməlidir. Gənclərə torpaq sahələrinin verilməsi məsələləri asanlaşdırılmalıdır. Ölkə rəhbərimiz də bu istiqamətdə tapşırıq verib ki, əkinə yararlı torpaqlardan səmərəli istifadə etmək lazımdır. Bəzi torpaqlar götürülsə də, istifadə olunmur. Eyni zamanda aqrotexniki qaydalara əməl edilmədiyi üçün məhsuldarlıq aşağı olur. Bu da gəliri az göstərir. Sadaladığımız şərtlər yüksək səviyyədə yerinə yetirilərsə, yeni başlayan sahibkar daha da həvəslənər, işini böyüdər. Gənclərin bölgələrə cəlbi üçün təbliğat aparmaq lazımdır. Mətbuatın, xüsusilə televiziya kanallarımızın bu sahədə maarifləndirmənin gücləndirilməsində üzərinə böyük iş düşür. Dövlət bu istiqamətdə onsuz da lazımi dəstəyini verir. Kənd təsərrüfatından asılı olan sahibkarlarımıza güzəştli kreditlər verilir, yanacaq, gübrə, dərmanlarla təmin olunmaları üçün dövlətin xüsusi proqramı var. Sahibkarlara dəstək göstərilir, sadəcə, səmərəli istifadə məsələsi var. Onları maarifləndirmək lazımdır. Sahibkarın kənd təsərrüfatından başı çıxmalıdır. Bilməlidir ki, bitkini necə becərmək lazımdır. Elə torpaqlar var, əkilən bitki orada yetişmir. Laborator analizlər aparılmalıdır ki, həmin torpaqda nə əksək, daha məhsuldar olar. Suvarma ilə əlaqədar da bütün dünyada müəyyən problemlər yaşanır. Azərbaycan da suvarma sistemi bu günün tələblərinə uyğun qurulmalıdır. Su itkisi az olsun, məhsuldarlıq bol olsun”.

Xəbərlər