"Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb və bu, tarixi nailiyyətdir".
Vətən müharibəsində Qələbəmizdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə növbəti səfəri qardaşlıq, birlik mesajı olmaqla bərabər, həm də geosiyasi, tarixi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu səfərin NATO-nun Zirvə görüşü, Ermənistanda səslənən revanşist çağırışların, Qarabağda son günlərdə ermənilər tərəfindən törədilən təxribatların fonunda baş tutması xarici güclərə və Ermənistana daha bir xəbərdarlıqdır. Bu səfər Azərbaycan-Türkiyə münasibətlərinin Cənubi Qafqazın geosiyasi dinamikasına böyük təsirinin təzahürüdür. Artıq heç kim şübhə etmir ki, bölgədə real balans bu dövlətlərin əməkdaşlığından birbaşa asılıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Onun sözlərinə görə, Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bu mühüm tarixi sənəd ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təntənəsi olmaqla, iki ölkə arasında əməkdaşlığın strateji əhəmiyyət kəsb edən bütün sahələrini əhatə edir. Sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilməklə yanaşı, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Əlbəttə, bu, mühüm tarixi nailiyyətdir.
Tamam Cəfərova vurğulayıb ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb və bu, tarixi nailiyyətdir. Hərbi tərəfdaşlıq haqqında olan müddəa imkan verir ki, əgər bir dövlətin təhlükəsizliyi, ərazi bütövlüyü təhdid edilərsə, bu, digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır. Bir sözlə, Şuşa Bəyannaməsi təhlükəsizliyimizin qarantıdır. İki qardaş ölkə olan Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır və yanında olacaq.
Deputat onu da bildirib ki, Şuşa Bəyannaməsinin təhlükəsizliklə bağlı olan hissəsi BMT Nizamnaməsinə istinad edilərək hazırlanıb və bu müqavilənin hüquqi əsasları beynəlxalq hüquqa əsaslanır.