Siyasət 25 Aprel 2023, 15:05 | Baxış sayı: 142
“Bunu deyənləri minalı sahələrə buraxmaq lazımdır”

“Ümumiyyətlə, həm müxalifətin, həm də bloqerlərin, söyüş söyənlərin, ümumi vətəndaşların, başı çıxan-çıxmayan insanların, yaxud adını “ekspert” qoyanların içində bir kəsim insan var ki, cəmiyyətimizin maraqları ilə, həqiqətlə uyuşmayan fikirlər səsləndirirlər. Azərbaycan Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi qurub. Bu, böyük uğurdur, tarixi qələbədir. “Kim birinci qurdu, niyə Ermənistan əvvəl qurmuşdu, biz sonra qurduq...” Sizə nə aidiyyatı var? Əcəb edib indi qurmuşuq. Başları çıxdı-çıxmadı danışırlar. Bunlara elə hər şeyin üzərinə kölgə salmaq lazımdır. Necə yəni Ermənistan birinci qurdu, sonra biz? Azərbaycanın üzərinə təzyiqlər var, imkan vermirlər, vurub-yıxmaq, məhv etmək, sanksiya tətbiq etmək istəyirlər. Azərbaycanı susdurmaq üçün gecə-gündüz çalışırlar. Bir neçə ölkə Azərbaycana az qala müharibə elan etmək istəyir. Azərbaycan da məcburdur, müəyyən bir məqbul zamanı, variantı, qarşı tərəfin səhvini gözləyir ki, bundan tez istifadə edib öz maraqlarını təmin etsin. Bəli, gözləmək lazım idi ki, Ermənistan bu addımları atsın, sonra bizim də dünya qarşısında “biz Laçın yolunu bağlamamışıq” deməyə sözümüz olsun. Ermənistan birinci orada postunu qurdu, sonra da biz qurmuşuq. Bunu bilirlər, amma qəbul etmək istəmirlər, çünki gözlərini qan, nifrət örtüb. Başları çıxmır. Özü ölmək istəməyən başqasının uşağını ölümə göndərmək istəyir. Gedib minaya düşmək istəməyən dava edir ki, minalı sahələri açın, insanlar dədə-baba yurdlarını gedib görsünlər. Bunu deyənlərin özlərini avtobusa mindirib, aparıb minalı sahələrə buraxmaq lazımdır ki, “ata-babalarının yurdunu görsünlər””.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

 

Deputat bildirib ki, doğrudan da, siyasətçilər, hətta müəyyən vəzifə tutan insanlar, müxalif kəsim, xüsusən xaricə qaçanların içində xalqın düşmənləri çoxdur: “Onlar hər bir müsbət işi də qara görməyə, xalqa da qara təqdim etməyə çalışırlar. Bunların qəlblərini nifrət tutub, sanki damarlarında qan axmır, bilmirəm orda nə axır... Bunların genləri nədən yoğrulub? Ümumiyyətlə, bunlara “azərbaycanlı” demək olarmı? Nədən törəyib, əmələ gəliblər? Bunlar nə yeyib, nə içirlər? Ya bunları kim maliyyələşdirir, kim danışdırır ki, bu şəkildə xalqa, millətə, dövlətə qarşı düşmən mövqe tuturlar? Deyirlər ki, guya“biz dedik, oldu”, “mən demişdim belə olsun”. Sən kimsən ki, sən deyəsən, sözünlə də nəsə edilə? Dünyadan sertifikat almısan ki, dediyin ayədir, əməl olunmalıdır? Hamı onda desin ki, “mən bir il qabaq demişdim, sərhəd-buraxılış məntəqəsi qurulsun”. Guya deməsəydin, biz bunu bilmirdik? Kimdən ağıllısan? Əlbəttə, səndən də qabaq bilirdik ki, orada buraxılış-keçid postu qurulmalıdır. Guya sənin deməyinlədir? Mən də sənə deyirəm ki, Aya uç, get özünü dənizə at! Bunlar bizi dolayıblar, ya milləti? Hakimiyyət, hüquq-mühafizə orqanları tərəfindən xalqa qarşı kin-küdurət oyadan, qəsdən insanları itaətsizliyə dəvət edən, yalan məlumatlar yayan, şantaj yolunu seçib insanları haqlı yolundan azdıran şəxslərə qarşı qanunvericiliyin tələb etdiyi səviyyədə tədbirlər görülməlidir. Çünki indidən tədbirlər görülməsə, oktobus kimi köklərini atacaqlar, sonra köklərini baltalamaq mümkün olmayacaq. Onları elə rüşeymlərində boğmaq lazımdır”.

Xəbərlər