Ümumi 27 Mart 2023, 16:35 | Baxış sayı: 150
“Bunlar anlamır ki, deputat kimdir, nə işlə məşğuldur...”

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Razi Nurullayevə bulvarda müsahibə verməyə icazə verilməyib.

 

Hadisədən sonra sosial şəbəkə hesabında bu barədə yazan deputat bu qadağaya etiraz edib və üzr gözlədiyini bildirib. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Razi Nurullayev hələ də məsələ ilə bağlı ona məlumat verilmədiyini deyib və bunu tənqid edib: 

“Həmin paylaşımdan sonra müxtəlif şəxslər tərəfindən mənə zəng olunub, amma bu zənglər aidiyyəti olmayan şəxslər tərəfindən məsələni yoluna qoymaq üçün edilib. Mənimsə onlara münasibətim sərt olub. Hələ ki, heç bir cavab almamışam, nə də üzrxahlıq etməyiblər. Hələ də gözləyirəm və hələ ki, səbrimiz var”. 

Deputat qeyd edib ki, bulvarda çəkilişə icazə verilməməsi absurd qərardır:

“Bu absurddur, mən bunu heç cür başa düşmürəm. Bilmirəm niyə qadağan edirlər. Həm də məsələ burasındadır ki, belə şeylər köhnəlmiş, dəbdən düşmüş metodlardır. Çünki onsuz da sən bulvarda qoymayacaqsan, adam gedib dənizin ortasında, dağın başında, küçədə, lap evində oturub danışacaq. Nə fərqi var? 

Mən dövlətçi adamam, deputatam, mən dövlətimi qoruyuram və dövlətimin maraqları üçün danışıram. Bu məsələdə də dövlətçilik baxımından danışıram və hələ ki, dözümlülük nümayiş etdirirəm. Bunu ictimailəşdirməkdə də məqsədim var, mən istəmirəm ki, eyni hərəkəti başqasına edəndə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə xarici ölkələrdə başqa fikir yaransın. İstəmirəm ki, beynəlxalq təşkilatlar ölkəmiz haqqında başqa cür fikir yürütsünlər, ölkəmizin adı batsın. Belə şeylərə yol vermək olmaz, bunun üçün məsələni ictimailəşdirirəm. Bulvarda Parlamentdə təmsil olunan deputat, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvünə müsahibə verməyə icazə vermirlər. Hansı ki, İnsan Hüquqları Komitəsinin üzvü elə bu məsələlərlə məşğuldur. Belə çıxır ki, bunların heç anlayışı yoxdur ki, deputat kimdir, nə işlə məşğuldur, Milli Məclisin komitələri nədir... Dövlət qurumları və onların işçiləri belə şeyləri niyə başa düşmürlər, niyə öyrənmirlər?! Onların başları nəyə qarışıb? Nə ilə məşğuldurlar?” 

Xəbərlər