Cəmiyyət, İqtisadiyyat 25 Fevral 2022, 11:45 | Baxış sayı: 268
Bugünkü vergi sistemi bütün dünyada olduğu kimi, Azərbaycanda da 1920-ci illərdə formalaşıb və o qeyri-rəqəmsaldır.

Yeni yaranan virtual məkan dünyada virtual mağaza açmaq, xidmət göstərmək və bu zaman kriptovalyutalardan ödəniş etmək kimi üsullar, gəlirin və mənfəətin müəyyən edilməsi ilə vergiyə cəlb edilməsi yönümündə ciddi çağırışlar yaradır.

"APA-Economics" xəbər verir ki, bunu "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru" mövzusunda sahibkarların iştirakı ilə video-formatda keçirilən Forumda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyat həmçinin, əlavə dəyər vergisi üçün də ciddi çağırışlar yaradır.

"Xüsusilə, əmtəə və xidmətlərin, qeyri-maddi malların xaricidəki təsisatçılardan birbaşa istehlakçılar tərəfindən əldə edildiyi zaman bu çağırışlar vergi siyasəti üçün ciddi çağırışlar yaratmaqdadır. Bu sistem kiçik bizneslərin sayını kəskin şəkildə artırır. Məsələn, klassik biznesdə bir məhsulun istehlakçılara çatdırmaq üçün yerli biznes subyektlərinin (mağazaların) mövcudluğu əsas şərtdir. Bu zaman vergitutma siyasəti də həmin bu mağazanın fəaliyyətinə yönəlir. Amma informasiya texnologiyalarının inkişafı ilə istehlakçıların birbaşa məhsulları və xidmətləri qeyri-rezidentdən sifariş edə bilməsi klassik vergi siyasəti üçün ciddi çağırışlar yaradır", - deyə T. Mirkişili qeyd edib.

O həmçinin əlavə edib ki, bir çox hallarda bu çərçivədə Azərbaycanda da müəyyən həddə məhsul və xidmətlərin əldə edilməsi gömrük rüsumu və vergilərdən tamamilə azaddır.

"Bugünkü vergi sistemi bütün dünyada olduğu kimi, Azərbaycanda da 1920-ci illərdə formalaşıb və o qeyri-rəqəmsaldır. Vergi siyasəti əsasən mənfəəti və gəliri müəyyən edilməsi üzərində qurulur. Rəqəmsal iqtisadiyyatda isə məhsulun maya dəyərini, bir çox hallarda isə mənfəət və dəyəri müəyyən etmək qeyri-mümkündür", - deyə T. Mirkişili əlavə edib.

Xəbərlər