Plenar iclaslar 6 Oktyabr 2023, 13:12 | Baxış sayı: 124
“Büdcəyə milyardlarla əskik vəsait ödənilib”

“Bu günə qədər xeyli dövlət müəssisəsi özəlləşdirilib və təəssüflər olsun ki, ilk özəlləşdirmə zamanı qiymətləndirilmələr düzgün aparılmayıb”.

Bu fikirləri deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında bildirib. 

“Nəticədə dövlət əmlakı qəpik-quruşla ayrı-ayrı vəzifəli şəxslərin özünə və ya himayə etdiyi şəxslərə keçib. Dövlət büdcəsinə milyardlarla əskik vəsait ödənilib. Əgər dövlət malı bazar qiymətlərindən yüz dəfələrlə aşağı qiymətləndirilib pay-püşt edilibsə, bu məsələ onilliklər keçsə də gündəmə gələcək və müzakirəyə çıxarılacaq. Elə olur ki, bir şəxsə, biznesmenə yaxud da adi vətəndaşa təcili pul lazım olur. O, əmlakını girov qoyub pul götürür.

Qiymətləndirilmədə əmlak bazar qiymətindən 30-40 faiz ucuz dəyərləndirilir. Şəxs məcbur ağır şərtlərə razılaşır. Adam təzyiq altındadır və çıxılmaz vəziyyətə düşür, az qalır ki, həyatına son qoysun. Belə vəziyyətdən sui-istifadə yolverilməzdir və bu məsələ ciddi şəkildə qanunla tənzimlənməlidir”, -deyə deputat vurğulayıb. (Qafqazinfo.az)

Xəbərlər