Plenar iclaslar 15 Mart 2024, 15:21 | Baxış sayı: 204
"Büdcə gəlirlərinin proqnozdan çox icra olunması təqdirəlayiqdir"

2023-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq, xərclərinin isə 99,5 % icra olunması təqdirəlayiq haldır.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatından sonra bildirib.

Onun sözlərinə görə, icra səviyyəsinin yüksək olması planlaşdırılan işlərin və layihələrin yerinə yetirilməsi baxımından çox vacibdir: "Bu göstərici həm də müvafiq qaydalar çərçivəsində büdcə mexanizmlərinin effektiv işlədiyini deməyə əsas verir. Bu kontekstdə təqdim olunan hesabat və Milli Məclisin yanında büdcə nəzarəti orqanı olan Hesablama Palatasının il ərzində təqdim etdiyi auditin nəticələri Nazirlər Kabinetinin fəaliyyətinə qiymət vermək üçün lazımı əsas yaradıb".

Komitə sədri hesab edir ki, təqdim olunmuş hesabat struktur və məzmun baxımından əhatəli və informativdir: "Dövlət başçısı tərəfindən hökumətə verilmiş tapşırıqların icra səviyyəsinin ölçülməsi üçün xeyli məlumatlarla təhciz olunmuşdur. Hesabata yeni bölmələrin əlavə edilməsi, Milli Məclis deputatlarının və Hesablama Palatasının 120-yə yaxın təklif və tövsiyələrinin icrasına da geniş yer ayrılması təqdirəlayiq haldır. Ümumiyyətlə, Nazirlər Kabinetinin son illər bu istiqamətdə fəaliyyətini hər il daha da genişləndirməsi dövlət maraqlarına birgə xidmət etmək yolunda Milli Məclis - Hökumət əməkdaşlığını daha da gücləndirir, Dövlət Başçısının sosial-iqtisadi siyasətinin daha effektiv icrasına və bundan ölkə vətəndaşlarının bütün sahələrdə daha çox fayda əldə etməsinə imkan yaradır".

T. Mirkişili qeyd edib ki, hesabat ilində ölkəmizdə iqtisadi artımın qeyri-neft-qaz sektoru hesabına təmin edilməsini, neft-qaz sektorunun isə regional iqtisadi nüfuzumuzun güclənməsində aktiv rol oynamasını, strateji ehtiyatlarımızın artmasının iqtisadi müstəqilliyimizi daha da gücləndirməsini, makro-iqtisadi sabitliyin qorunub saxlanılmasını yüksək qiymətləndir: "Çünki bu vəzifələr böyük fədakarlıq tələb edir. Hesabat ilində orta illik inflyasiyanın 8,8 % təşkil etməsini hökumət və Azərbaycan Mərkəzi Bankı tərəfindən görülən antiinflyasiya tədbirlərinin, monetar siyasətin müsbət nəticəsi kimi qəbul edirik. Bu il inflyasiya gözləntisinin 2,4 % təşkil etməsi cəmiyyətlə qurulan aktiv kommunikasiyanın uğurlu nəticəsi kimi qeyd edilməlidir".

report.az

Xəbərlər