İqtisadiyyat 23 Avqust 2022, 12:18 | Baxış sayı: 216
"İnflyasiyanı cilovlamağın yolu yerli istehsalın ümumi istehlakda payını artırmaqdır" - Vüqar Bayramov

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, qlobal və yerli bazarlarda müşahidə olunan inflyasiya, ərzaq məhsullarının idxalının minimumlaşdırılmasını və istehlakın daha çox yerli istehsal hesabına ödənilməsini prioritetləşdirib: "Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 7 ayında istehlak bazarında qiymətlər 13% artıb. Bununla yanaşı, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18,7%-lik inflyasiya qeydə alınıb. Rəsmi statistika da göstərir ki, ərzaq məhsullarının qiyməti ümumi inflyasiya səviyyəsinə nisbətən daha çox yüksəlib”.

 

V.Bayramovun sözlərinə görə, 2022-ci ilin geridə qalan aylarında qlobal bazarlarda da yüksək inflyasiya müşahidə olunub: “Avrozonada iyun ayının yekunlarında illik inflyasiya dərəcəsi 8.6% olub. Bir ay öncə bu rəqəm 8.1%, ötən il isə cəmi 1.9% idi. Avropa İttifaqında isə Avrozonaya nisbətən, daha yüksək qiymət artımları müşahidə olunur. Bu ilin birinci yarısının son ayında 9.6% ilik inflyasiya qeydə alınıb. Bu göstərici bir ay öncə  8.8%, ötən il isə cəmi 2.2% idi. ABŞ-da həmin dövr üçün inflyasiya dərəcəsi 9.1% olub və bu da son 40 ilin ən yüksək qiymət artımları səviyyəsidir”.

 

Deputat əlavə edib ki, aparıcı ölkələrdə də qiymət artımları davam edir və bu artım Azərbaycan üçün də idxal inflyasiyasının qaçılmaz olacağının göstəricisidir: “Bu kontekstdən, inflyasiyanın cilovlanması üçün strateji yol yerli istehsalın ümumi istehlakda payını artırmaqdadır. Yalnız yerli istehsal hesabına idxal inflyasiyasını minimumlaşdırmaq olar. Ərzaq məhsullarının istehsalının genişləndirilməsi üçün xüsusən rayonlarda fəaliyyət göstərən sahibkarların kreditlərə çıxış imkanları artırılmasına ehtiyac var. Nazirlər Kabinetinin anti-inflyasiya tədbirləri çərçivəsində sahibkarların güzəştli kreditlərə çıxış imkanları artırılır. Bununla yanaşı, bu istiqamətə daha çox vəsaitin yönəldilməsi, eləcə də, bank kreditlərinə çıxış imkanlarının artırılması istiqamətində regionlar üçün girov mexanizminin təkmilləşdirilməsi vacibdir. Mərkəzi Bankın məlumatına görə, bu ilin iyul ayında ölkə üzrə kredit portfeli 18 milyard 320 milyon manat olub. Kreditlərin 14 milyard 201 milyon manatı Bakı şəhərinin payına düşüb. Bu, o deməkdir ki, ümumi kredit qoyluşunun 77%-dən çoxu yalnız Bakı şəhərinin payına düşür. 705 milyon manat kredit isə Abşeron-Xızı iqtisadi rayonun payına düşüb. Bu həm də o deməkdir ki, sözügedən iqtisadi rayon üzrə kreditləşməni nəzərə alsaq verilən hər 100 manatlıq kreditin 81 manatı Bakı və Abşeronun payına düşür. Bütün regionlar isə bütövlükdə hər 100 manatlıq kreditin cəmi 19 manatına sahib ola bilirlər. Bu isə ondan xəbər verir ki, bölgələrdə fəaliyyət göstərən və xüsusən ərzaq məhsulları istehsal edən sahibkarlar üçün daha əlçatan mexanizmlərin tətbiqinə ehtiyac var. Beynəlxalq maliyyə qurumlarının gözləntilərinə görə, qlobal istehlak bazarındakı disbalans növbəti illərdə də davam edəcək. Bu isə, milli dövlətlər üçün yerli istehsal hesabına ərzaq təminatı məsələsini daha da prioritetləşdirir”.

 

Mənbə: Pravda.az

Xəbərlər