Plenar iclaslar 5 Aprel 2022, 14:52 | Baxış sayı: 175
"Bu ilin dövlət büdcəsindən bələdiyyələrə 11 mln. manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur".

“Keçən il bələdiyyələrin büdcəsinə torpaq və əmlak vergisindən 2020-ci il ilə müqayisədə 3.5 milyon manata daha çox vəsait daxil olub. Bunun da 2.5 milyon manatı Bakıda fəaliyyət göstərən bələdiyyələrin payına düşür. Tendensiyanın müsbət olması təqdirəlayiqdir. Bununla yanaşı, yenə də əmlak vergisinin yığılmasında problemlər qalmaqdadır və bələdiyyələrin bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi vacibdir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

V. Bayramov deyib ki, bələdiyyələrin səlahiyyətlərinin və maliyyə imkanlarının genişləndirilməsi üçün bələdiyyələrin təmərküzləşməsi və birləşdirilməsi məsələsinə baxılması məqsədə uyğun olardı: “Bu ilin dövlət büdcəsindən bələdiyyələrə 11 mln. manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. Ölkədə 1 606 bələdiyyənin olduğunu nəzərə alınsa, orta hesabla hər bələdiyyə illik 6 min 800 manat, aylıq isə 560 manat alacaq. Bələdiyyələrin kənar maliyyə mənbələrinin məhdud olduğunu nəzərə aldıqda, bu məbləğin az olması onların institut kimi formalaşması və inkişafını xüsusi təşviq etmir. Bu baxımdan, həmin vəsaitin məbləğinə baxılması və artırılması məqsədə uyğun olardı”.

Xəbərlər