“Bu halda İranla diplomatik əlaqələrin kəsilib-kəsilməyəcəyinə baxacağıq”
“İran Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı konkret məsələni araşdırmalı, terroru təşkil edənləri, törədənləri məsuliyyətə cəlb etməlidir. Eyni zamanda İran dövləti bununla əlaqədar bilavasitə məsuliyyət daşıyır və üzr istəməlidir. Tehrandakı səfirliyimiz işini dayandırıb. Yalnız Təbrizdəki Konsulluğumuz fəaliyyət göstərir. Gələcəkdə proseslərin gedişatından asılı olaraq İranla diplomatik əlaqələrin kəsilib-kəsilməyəcəyinə baxacağıq. Gah bəhanə gətirirlər ki, terroru törədən şəxs dəlidir, gah da aparıb öz televiziya kanallarına müsahibə verdirirlər. Artıq “xoruzun quyruğu” görünür ki, bunun arxasında kim durub, terroru kim təşkil edib. Bu baxımdan gələcəkdə konkret nəticə olmasa, yəqin ki, Azərbaycan da İranla münasibətlərinə yenidən baxacaq”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov İran parlamentinin Azərbaycana qarşı yaydığı bəyanatına da münasibət bildirib: “Azərbaycan müstəqil dövlətdir, hansı dövlətin ərazisində səfirliyini yaradırsa, özü bilər. Bu, Azərbaycan dövlətinin müstəqil siyasətidir. Kiməsə görə səfirlik açıb-bağlamırıq. Ona görə də İsraildə açılan səfirliyimizlə bağlı İran parlamentinin verdiyi bəyanat yersizdir. Çünki bilirsiniz ki, yaxın günlərdə Türkmənistanda da İsrailin səfirliyi açılacaq. İran artıq buna da öz etirazlarını bildirib. Türkmənistan da müstəqil dövlətdir, öz qərarları var. Bu, absurd fikirdir. Sən özün münasibət qura bilmirsənsə, başqasından bunu niyə tələb edirsən? Azərbaycanla indiyə qədər hər hansı isti münasibət saxlamamısan? İkincisi, biz özümüz müəyyənləşdiririk – ölkənin xalqı, dövləti, xarici siyasəti müəyyənləşdirir ki, hansı dövlətlərlə münasibət qurulmalıdır. Siz Azərbaycan əleyhinə 30 illik işğalçılıq siyasəti aparan, torpaqlarımızı işğal altında saxlayan, Qarabağda daş üstə daş qoymayan, elə öz köməkliyinizlə bunları həyata keçirən Ermənistanla ciddi diplomatik əlaqələr, dostluq, strateji tərəfdaşlıq münasibətləri qurursunuz, erməniləri tam ərzaqla, qazla, işıqla təmin edirsiniz. Azərbaycanın qədim dədə-baba torpağı Qafanda suvağı vurulmamış gəlib konsulluq açırsınız, xarici işlər nazirizinizi Qafana, oradan da İrəvana göndərirsiniz. İki gündən bir Paşinyanın həyat yoldaşı gedib məscidlərinizi gəzir. Bütün bunlardan sonra Azərbaycana qarşı hansısa etiraz bildirirsiniz? Azərbaycanın bir misalı var: “Utanmasan, oynamağa nə var ki?” Bu misal elə İrana aiddir. Öz gözündə tiri görmür, başqasında tük axtarır…”