Siyasət 27 Yanvar 2023, 14:43 | Baxış sayı: 266
“Bu hadisəyə görə İran hökuməti də məsuliyyət daşıyır”

“Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın zamanı qətlə yetirilən həmvətənimiz Orxan Əsgərova Allahdan rəhmət, yaralılara şəfa diləyirəm.” – Ulusal.az-a açıqlamasında bunu millət vəkili Ülvi Quliyev bildirib.

Millət vəkili bildirib ki, cinayətin motivindən asılı olmayaraq, baş verən hadisəyə görə İran hökuməti də məsuliyyət daşıyır.

“Çünki beynəlxalq-hüquq normalarılna, ilk növbədə, Vyana Konvensiyasının tələblərinə görə, diplomatik nümayəndəliyin və personalın təhlükəsizliyinin etibarlı şəkildə qorunması nümayəndəliyin fəaliyyət göstərdiyi dövlətin birbaşa vəzifəsidir. Dövlətlərarası münasibətlərə ciddi xələl gətirən bu cür ağır cinayətin baş verə bilməsi həm də ona dəlalət edir ki, İranın müvafiq xüsusi xidmət orqanları vəzifələrinin öhdəsindən gələ bilməyiblər. Bu, onların peşəkarlıq səviyyəsi ilə bağlıdır, yoxsa arxasında hansısa başqa səbəb dayanır, bunu obyektiv və qərəzsiz istintaq müəyyən etməlidir. İstintaq həmçinin bu mənfur cinayəti mümkün edən səbəb və şərait faktorlarını da hərtərəfli araşdırmalıdır. Çünki Vətən müharibəsində Azərbaycanın qazandığı ədalətli Zəfərdən sonra bəzi İran rəsmilərinin ölkəmizlə bağlı verdikləri qərəzli və narahatlıq ifadə edən açıqlamaları göstərirdi ki, onlar bu Qələbəni həzm edə bilmir və ya həzm etmək istəmirlər. Hər bir halda, baş vermiş bu cinayət hadisəsi son vaxtlar məhz İran İslam Respublikasının ayrı-ayrı rəsmilərinin anti-Azərbaycan ruhlu bəyanatları səbəbindən gərginləşmiş münasibətlərimizin yumşalmasına xidmət etməyəcək, əksinə, münasibətlərin daha çox pisləşməsində maraqlı olan dairələrin işinə yarayacaq. İstintaq obyektiv şəkildə onları da müəyyən etməlidir.”- deyə Ülvi Quliyev əlavə edib.

Xəbərlər