Plenar iclaslar 23 Noyabr 2021, 15:28 | Baxış sayı: 227
"Bu gün işsizlik, kommunal xərclərin artması, müxtəlif cərimələr, rüsumlar insanları narahat edir".

“Müharibədən sonra yeni Azərbaycanda yaşamaq istəyirik”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, büdcə də bunu özündə əks etdirməlidir: “Bizim üçün prioritet işğaldan azad olunmuş yerlərin bərpası məsələsidir. Xalq bunu başa düşür. Cəmiyyətdə olan bu sabitlik xalqın bunu başa düşməsinə görədir. Ancaq xalqın sosial rifahı da yaxşılaşdırılmalıdır. Biz cəmiyyətdəki ağrıları görürük və deyirik. Onun müalicəsi hökumətin işidir. Xahiş edirəm ki, burda biz deyənlərə hökumət üzvləri ciddi yanaşsınlar. Prezidentin ölkə boyu kərpic-kərpic qurduğu siyasət məmurların etinasızlığı ilə sökülməməlidir. Pensiyalar kəsilir, kommunal xərclər maaşları üstələyir. Bu məsələlərə baxılmalıdır. Kəndlərdə məktəblərə, rayonlarda kinoya diqqət artırılmalıdır. Dövlətimizin ana dilinin inkişafı ilə bağlı qərar və qanunları ortada olsa da, Bakının mərkəzində ancaq xarici dillərdə reklamlar yerləşdirilir. Nəyə görə buna diqqət ayırmırıq?”

"Uğursuz qiymət siyasəti, bahalaşma, rüşvətxorluq Azərbaycanın uğurlarına kölgə salmamalıdır. Ölkə qanunlarla idarə edilməlidir. Oliqarx nazir fəaliyyəti ilə yox. Bu gün işsizlik, kommunal xərclərin artması, müxtəlif cərimələr, rüsumlar insanları narahat edir. Elə ailə var ki, qazı ödəməyə pulu çatmır. Hökumət qələbədən sonra gördüyü işlərə diqqəti artırmalıdır”.

Xəbərlər