Siyasət 3 May 2023, 14:15 | Baxış sayı: 130
"Bu gün Azərbaycan Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün yolla uğurla irəliləyir"

"Azərbaycan tarixinin qızıl səhifələrini yazmış Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolu, ideyaları, siyasi irsi xalqımız üçün misilsiz sərvətdir. Ulu Öndər öz əməlləri, fəaliyyəti, xalqımıza, dövlətimizə bəxş etdiyi azadlıqlarla əsl xilaskarlıq nümayiş etdirmişdir. Hakimiyyətinin hər iki dövründə xalqa xidmət, Vətənə  sədaqət ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasında dayanıb. 

Ümummilli lider Heydər Əliyevin milli dəyərlərimizə, milli düşüncə və ideologiyamıza əsaslanan siyasi kursu bu gün Azərbaycanın dünya dövlətləri arasında öz layiqli yerini tutmasına gətirib çıxarmışdır. Ümummilli Lider öz siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni müstəviyə - siyasət müstəvisinə keçirdi. 

Dahi şəxsiyyət azərbaycançılıq ideologiyasını dövlət siyasətinin tərkib hissəsinə çevirməklə dövlətçiliyin milli mənəvi dəyərlər üzərində yüksəlməsinin vacibliyini bir daha təsdiqləmiş oldu".


Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

Deputat qeyd edib ki, görkəmli dövlət xadimi müstəqilliyimizin ilk illərində respublikanın gələcək uğurlu inkişafı üçün ideoloji hədəflər müəyyənləşdirib, Azərbaycanda əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini dövlət siyasəti müstəvisinə keçirib:

"Məhz, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə azərbaycançılıq ümummilli ideya səviyyəsinə yüksəlib, ölkəmizin vətəndaşlarını vahid ideya və məqsəd ətrafında birləşdirən milli ideologiya formalaşıb. Müasir Azərbaycan dövlətçiliyinin, yeni milli ideologiyanın, yaradıcısı olan ümümmilli lider Heydər Əliyev «Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, dinimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir» deyərək milli dəyərlərimizə, düşüncə və ideologiyamıza yeni çalarlar qatmışdır. «Hər bir azərbaycanlı bunu anlamalı, bilməlidir. Biz bir daha müstəmləkə ola bilmərik, bir daha qul ola bilmərik. Biz azad olmuşuq, Azərbaycan xalqı azad yaşamalıdır» -deyən Ulu Öndər müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur".

Deputat deyib ki, Ulu Öndər xalqın arzu və tələbi ilə ikinci dəfə dövlət rəhbərliyinə qayıtdıqdan sonra ölkədə iqtisadi, siyasi, hüquqi islahatlar aparıldı:

"Milli ordu quruculuğu sahəsində irəliyə doğru mühüm addımlar atıldı, zabit kadrlarının hazırlanması üçün müasir tələblərə cavab verən hərbi məktəblər formalaşdırıldı, ordunun gücləndirilməsi diqqət mərkəzinə gətirildi. 

Azərbaycan informasiya blokadasından çıxarıldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, problemin ədalətli həlli ilə bağlı beynəlxalq qurum və təşkilatlarda səmərəli  fəaliyyətin təməli qoyuldu. Azərbaycan Avropanın enerji daşıyıcıları ilə təminatında etibarlı tərəfdaşa, Cənubi Qafqazda söz sahibi sayılan dövlətə çevrildi. Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün yolla uğurla irəliləyərək, ən yüksək zirvələri fəth edir, mühüm uğurları ilə dünyanın diqqətindədir".
 

Xəbərlər