İqtisadiyyat 16 Fevral 2023, 14:39 | Baxış sayı: 137
"Bu gün Avropa üçün Azərbaycan enerjisi bir ümiddir"

"Azərbaycanda elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf edib". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. Millət vəkili qeyd edib ki, hazırda dünyada yeni innovasiyaların tətbiqi dairəsinin genişlənməsi enerjiyə olan tələbatı da artırır:

"Hər il dünya energetika təsərrüfatında enerjiyə olan tələb daha da çoxalır. Azərbaycan hökuməti ötən əsrin sonlarından başlayaraq enerji təsərrüfatının inkişafı ilə bağlı məqsədyönlü proqramlar həyata keçirməklə, respublikamızın  enerji  güclərinin bir neçə dəfə artmasına nail olub. Ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin edən ən etibarlı tərəfdaşlardan biri olaraq dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində aparıcı mövqe tutur. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən, Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyində danılmaz rola malikdir".

K.Bayramov bildirib ki, Azərbaycan bugünə qədər Avropanı neft və qaz ilə təchiz edirdisə, artıq ölkəmiz enerji siyasətində yeni bir mərhələyə qədəm qoyub:

" Bu, bərpaolunan enerji resursları ilə bağlıdır. Bu gün elektrik enerjisinin Avropaya nəql edilməsi üzərində işlər aparılır.  Prezident İlham Əliyev cari ilin 13 fevral tarixində Bakıda «Gülüstan» sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışında bildirib ki, 2025-ci ildə Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışı olacaq. Bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm  elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq".

Deputat diqqətə çatdırıb ki, Azərbaycanın enerji diplomatiyasındakı uğurları iqtisadi imkanlarımızın genişlənməsində əhəmiyyətli rol oynayır:

"Bu gün Avropa üçün Azərbaycan enerjisi bir ümiddir. Avropa digər sahələrdə olduğu kimi enerji sahəsində də Azərbaycanla geniş əməkdaşlıq edir. Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır. Enerji imkanlarımız genişləndikcə ixrac potensialı da artır və yeni əməkdaşlıq platformaları yaranır. Bu isə həm iqtisadi, həm də siyasi dividendlər deməkdir. Alternativ enerji mənbələrinin yaradılması, yaşıl enerji sektorunda reallaşdırılan dünya miqyaslı layihələr ölkəmizin gücünü daha da artırır. Mingəçevir şəhərində tikiləcək bu stansiya enerji istehsalı ilə yanaşı, yüzlərlə iş yerinin açılmasına, ölkənin sosial-iqtisadi inkişafına və Avropaya inteqrasiya proseslərinin güclənməsində önəmli rol oynayacaq. Dövlət başçımızın həyata keçirdiyi digər qlobal layihələr kimi, bu İES-də Azərbaycanın enerji potensialını gücləndirəcək". 

Xəbərlər