KOMİTƏ İCLASLARI, Qanun Layihələri 11 Noyabr 2021, 15:06 | Baxış sayı: 306
“Bəs niyə digər regionlarda işlər belə sürətlə görülmür?”

“Biz hökumət nümayəndələrini ayda-ildə bir dəfə görə, sual verə bilərik. Əslində, dünya ölkələrində olduğu kimi bizdə də həftədə, ayda bir dəfə “Hökumət saatı” olmalıdır”.

Bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib.

R. Nurullayev deyib ki, büdcə müzakirələrində komitədə və parlamentdə 5 dəqiqə danışmaq imkanı olur: “Ancaq biz bütün sualları 5 dəqiqəyə verə, danışa bilmərik. Ona görə də mütləq “Hökumət saatı” olmalıdır”.

Deputat qeyd edib ki, Füzuli Beynəlxalq Hava Limanı 8 aya istifadəyə verilib, Qarabağda yollar da ildırım sürəti ilə tikilir: “Bəs niyə digər regionlarda işlər belə sürətlə görülmür?”

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, hökumətə deputat sorğuları göndərilə bilər: “Eyni zamanda deputatlar nazirlərlə, o cümlədən Samir Şərifovla görüşə bilər. Bizim parlament ənənəmizdə “Hökumət saatı” yoxdur. Daha innovativ yollar tapıla bilər”.

Xəbərlər