"Böyük media qurumlarının rəhbərlərinin adının hallandırılması doğru deyildi və o tərzdə yazılmamalıydı".
"Xəstə olduğum üçün son prosesləri yaxından izləyə bilməmişəm. Cavanşir Feyziyevin yazısını oxuyanda xeyli pis oldum. İkinci statusunu oxuyanda xeyli sakitləşdim ki, özü də etiraf edir ki, yazdığı yazı xoşuna gəlmir və üslubu deyil. Amma daha dözüm göstərə bilməyib. Bizim hamımız, o cümlədən yazıda adı keçənlərin xeylisi zaman-zaman linç edilib, haqsız təhqirlərə, həbslərə məruz qalıb. Onun üçün də təhqir olunmağın, hədəf alınmağın və linç edilməyin nə olduğunu bilirik. Amma, bir çox hörmətli şəxslərin, böyük media qurumlarının rəhbərlərinin adının hallandırılması doğru deyildi və o tərzdə yazılmamalıydı. Kaş ki, Cavanşir müəllim bunu etməzdi. Bizim hamımız siyasət yolunu könüllü seçmişik və bu yolda eniş-yoxuşun sayı-hesabı olmayacaq".
Pravda.az-ın xəbərinə görə, bunu deputat Razi Nurullayev bildirib.
R.Nurullayevin sözlərinə görə, Cavanşir Feyziyev aylardır ki, bu şəkildə linç edilir, sosial şəbəkələrdə təhqirlərə məruz qalır və verilişlərdə, yazılarda ən kəskin şəkildə cavab tanımadan qamçılanırdı və bu davam edir: "Neçə aylardır ki, bütöv bir kəsim Cavanşir Feyziyevə qarşı təkqapı futbol oynayır. Hörmətli Eynulla Fətullayev isə elə səy göstərir ki, əlacı olsa London məhkəməsində hakimliyi özü edər. Səbəb? Nədir bu nifrətin kökündə dayanan səbəb? Neçə aylardan bəri onun keçirdiyi sarsıntıları görürdük. Dayanmadan, durmadan bir adamın yarasına nə qədər duz səpmək olar? Zəncirə vursan belə, bir gün o zənciri qırıb özünü müdafiəyə qalxacaq. Cavanşir müəllimi çoxdan, tələbəlik illərindən tanıyıram. Kimə pisliyi keçib ki? Qərarı məhkəmə verməlidir və verib, hörmətli Eynulla Fətullayev inciməsin məndən, o qərarı siz verməli deyilsiniz axı. Mənim Eynulla müəllimə hörmətim var, hər zaman da olub, səbəbini isə ürəyim bilir. Amma haqlı bildiyim məqamı da müdafiə etmək instinktim var. Bizim insanlarımızın gözü pullu adamı götürmür. Səbəb isə aydındır. Çünki pullu adamların çoxu sərvətini halal yolla əldə etməyib. Cavanşir müəllimin məsələsində isə məhkəmə hökmü var, təkzib var. Cavanşir müəllimi niyə müdafiə edirəm? Tələbəlik illərindən tanıyıram. Kasıbçılıq görmüş bir şəxsdir. Elə bunu gördüyünə görə də yardımsevər kimi tanınır. Avropa İttifaqı ilə işçi qrupda rəhbərimdir. Deputat seçildiyim ilk günlər məsləhətlərini bölüşüb mənimlə. O, yaxşı deputatdır. Bizim hamımız, istər deputat olsun, istər jurnalist, istər digər vəzifəli şəxs. Hər kəs hər gün gücü çatan qədər kimlərəsə köməklik edir. Jurnalist yazısı, süjeti ilə, deputat sözü, zəngi və xahişi ilə, vəzifəli şəxs özünün inzibati resursları ilə yüzlərlə insana köməklik edir. Bu köməklik 2-3 il ərzində 3-4 min adama birbaşa, 10-15 min adama isə dolayısı ilə çatır. Amma ehtiyacın olanda onlardan heç 0.1 faizini yanında dəstəkçi görə bilmirsən..."