Siyasət 13 Oktyabr 2023, 15:47 | Baxış sayı: 139
"BMT-nin Qarabağda "etnik təmizləmə" məsələsini müzakirə etməsi Azərbaycana qarşı qərəzin göstəricisidir"

"BMT-nin Qarabağda "etnik təmizləmə" məsələsini müzakirə etməsi Azərbaycana qarşı qərəzin göstəricisidir".

Bunu açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Kamran Bayramov deyib.

O xatırladıb ki, ötən gün Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın müraciəti əsasında irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi (Ermənistan Azərbaycana qarşı) haqqında ictimai dinləmələr təşkil olunub, tərəflərin ifadələri dinlənib: "Çox maraqlıdır ki, 30 ilə yaxın müddət ərzində susqunluğa üstünlük verən, öz qətnamələrinin icrasını təmin etmək iqtidarında olmayan BMT bu gün artıq işğaldan azad olunmuş ərazilərdə "etnik təmizləmə" məsələsini müzakirəyə çıxarır. Bu, çox ədalətsiz yanaşmadır, Azərbaycana qarşı ədalətsiz münasibətdir. 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunmuşdu, bir milyondan çox vətəndaşımız məcburi köçkün və qaçqın düşmüşdü. Hətta işğal dövründə Azərbaycanın ərazilərində bütün dini, tarixi, mədəni abidələr dağıdılıb, təbii sərvətlərmiz talan edilib. Bütün bunlar azmış kimi, həmin ərazilərdə bir milyona yaxın mina da basdırılıb. Ancaq BMT bu məsələlərə öz səsini çıxartmadı, münasibət bildirmədi. Nəzərə alaq ki, Azərbaycan bütün beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində məhz bu problemlərə dünya ictimaiyyətinin diqqətini çəkirdi. Təəssüf ki, BMT buna heç bir münasibət bildirmirdi".

Deputat bildirib ki, Azərbaycan dəfələrlə həmin ərazilərə BMT və digər beynəlxalq qurumların nümayəndələrinin baş çəkməsi üçün çağırış edib: "Ancaq onlar həmin ərazilərə də baş çəkmədilər. Hər şey onların gözü qarşısında dağıdıldı. Ancaq Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdikdən dərhal sonra BMT missiyasının həmin yerlərə səfərləri təşkil olundu və onlar tərəfindən müvafiq monitorinq aparıldı. Hətta orada yaşayan ermənilər arasında sorğu da keçirilib. Məlum olub ki, orada heç bir "etnik təmizləmə"dən söhbət belə gedə bilməz, əksinə, bütün etnik təmizləmə əməliyyatları məhz Ermənistan tərəfindən törədilib".

K.Bayramov vurğulayıb ki, Azərbaycan sülh gündəliyini təşviq etdiyi, reinteqrasiya prosesinə start verdiyi bir dövrdə BMT sanki uzunmüddətli yuxudan oyanıb və burada öz mövcudluğunu göstərmək, fəaliyyətini aktivləşdirmək istəyir: "Sual olunur ki, BMT 30 ilə yaxın müddətdə harada idi? Dünənki məhkəmə iclasında da Azərbaycan nümayəndələri bildiriblər ki, bu gün dövlətimiz böyük reinteqrasiya prosesinə start verib və Azərbaycanın sülh gündəliyinin bərqərar olunması istiqamətində işlərə başlayıb. Erməniəsilli sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesi bu gün sülh gündəliyinin prioritet istiqamətlərindən biridir. Heç şübhəsiz, Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər və addımlar uğurla nəticələnəcək. Tarix boyu Azərbaycanda digər xalqların, dinlərin nümayəndələri dostluq, qardaşlıq və mehribanlıq şəraitində yaşayıblar və bu gün də yaşayırlar".

report.az

Xəbərlər