"Bələdiyyələr vətəndaşa sənəd göndərir ki, mənzilə görə bu qədər ödəniş etməlisən, izahı yoxdur"
“Dövlətin verdiyi dotasiyalar eyni bələdiyyələr verilir. Niyə o bələdiyyələr dotasiya alır, amma başqaları almır? Bu bələdiyyələrin siyahısını digər strukturlardan kimlər təqdim edir, hansı əsaslara əsasən tərtib edirlər?”.
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında komitə sədri Siyavuş Novruzov bildirib.
“Baxırsan ki, dotasiyalar 10 il ərzində eyni bələdiyyələrə verilir. Digər bələdiyyələr niyə dotasiya ala bilmirlər? Məsələ nədir, bilmirəm. Sonra yığılan vəsaitlərin xərclənməsinə gəlincə, siyasi partiyalarda konkret bilinir ki, neçə faizi əmək haqqına, neçə faizi yeni layihələrin həyata keçirilməsinə ayrılmalıdır. Düzdür, bələdiyyə müstəqil təşkilatdır. Amma belə ola bilməz ki, özün yığ, özün xərclə. Orada göstərilməlidir ki, yığılan vəsaitin neçə faizi əhalinin sosial probleminə ayrılmalıdır, nə qədəri əmək haqqına verilməlidir. Bunlar müəyyən edilməlidir. Ola bilər bələdiyyələr torpağı cüzi ucuz icarəyə versin, amma 10 dəfə aşağı hansısa sahibkara verə bilməz. Bundan başqa, bələdiyyələr tərəfindən toplanan əmlak vergisi ilə bağlı da problem var. Hər bir vətəndaşa bələdiyyələr tərəfindən təqdim edilən mənzil haqqı ödənişi ilə bağlı heç bir hesablama yoxdur. Məsələn, kooperativlərdə bu ödəniş hər kvadrat metrə görədir. Bələdiyyələr isə sənəd göndərir ki, bu qədər verməlisən. Amma vətəndaşa izahı olmalıdır ki, niyə vətəndaş bu qədər ödəməlidir?”, - deyə deputat vurğulayıb./APA