KOMİTƏ İCLASLARI 19 Yanvar 2023, 13:28 | Baxış sayı: 219
"Bizdə bələdiyyələrin sayı Türkiyədəkindən çoxdur, azaldılmalıdır"

“Nəinki bələdiyyələrin, hətta bələdiyyə üzvlərinin sayı azaldılmalıdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, bələdiyyə üzvlərinin hər birinin özünəməxsus tələbi var və onları idarəetmək çətinləşir: “Bizdə iqtisadi rayonlar formalaşıb. Gələcəkdə buna uyğun icra hakimiyyətlərinin formalaşması getdikdən sonra bələdiyyələrin də bu cür formalaşmasına başlanılacaq”.

Komitə sədri bələdiyyələrin səlahiyyətinin azaldılmasına da diqqət çəkib: “Yerli vergilərin toplanması da bələdiyyələrdən alınıb. Bunu əsaslandırıblar. Haqlıdırlar ki, bələdiyyələr vergi yığımına ciddi yanaşmır, bu mexanizmi bilən işçilər yoxdur. Amma bu qanun qəbul olunanda deyildi ki, yığılan vergilərdən bələdiyyəyə də ayırmalar olacaq. Amma bunu biz hələ görməmişik. Digər tərəfdən, dəfn pulu və doğum pulu artdı. Bələdiyyə ölümlə bağlı qərar qəbul etməsə, şəxs həmin dəfn pulunu ala bilmir. Strukturların islahatı da aparılmalıdır, elektron sistemə keçid edilməlidir. Bunların hər biri ilə bağlı biz bələdiyyələrlə ciddi iclaslar keçirməliyik. Növbəti bələdiyyə seçkilərinə qədər bələdiyyə sistemində fundamental islahatlar aparılmalıdır. Bizdə olan bələdiyyələrin, bələdiyyə üzvlərinin sayı Türkiyədəkindən çoxdur. Regional strukturlar yaranmalıdır ki, bələdiyyələrin də sayı avtomatik tənzimlənsin. Bələdiyyə məktəbləri, uşaq bağçaları açılmalıdır. Kənd bələdiyyələrinin imkanı şəhər bələdiyyələrindən daha çoxdur. Amma bundan lazımı səviyyədə istifadə etmirlər. Ancaq büdcədən ayrılanı dərhal xərcləməyə üstünlük verirlər. Bunların qarşısını alacağıq”.

Xəbərlər