Siyasət 19 Oktyabr 2023, 5:25 | Baxış sayı: 101
“Biz sübut etdik ki, sadəcə müstəqil olmağa deyil, həm də xoşbəxt olmağa layiqik”

Bu gün 18 oktyabr Müstəqilliyin Bərpası Günüdür.

Bu münasibətlə açıqlama verən istiqlalçı deputat, Müstəqillik Aktının hazırlanmasında iştirak etmiş millət vəkili Vahid Əhmədov Azərbaycan xalqını 18 oktyabr münasibətilə təbrik edib, dövlətimizin bu yolda əzmlə addımladığını vurğulayıb:

“18 oktyabr Azərbaycan tarixində əlahiddə rol oynayan mühüm bir gündür. Düz 32 il bundan öncə məhz bu tarixdə Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bununla da, 1920-ci ildən sonra ilk dəfə Azərbaycan xalqı öz tarixi müstəqilliyinə qovuşub.

Şübhəsiz, müstəqilliyə gedən yol heç də asan olmayıb. Ümummilli lider Heydər Əliyev təsadüfən demirdi ki, dünyada müstəqillik yolu qədər çətin yol yoxdur.

Bu yol Azərbaycan xalqı üçün də olduqca çətin, keşməkeşli oldu. Lakin Azərbaycan xalqı öz cəsarəti, birliyi və Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi sayəsində gənc müstəqil dövlət kimi ayaqda dura bildi. Azərbaycan xalqı Ulu öndərin rəhbərliyi ilə sübut etdi ki, o, nəinki müstəqil olmağa, həm də xoşbəxt yaşamağa, tərəqqi etməyə, öz taleyini istədiyi kimi şəkilləndirməyə layiqdir.

Xatırladım ki, Azərbaycan öz müstəqilliyini olduqca mürəkkəb hərbi-siyasi və iqtisadi şəraitdə əldə etmişdir. Bir tərəfdən ölkə iqtisadiyyatı dağılmış, digər tərəfdən ərazilərimiz Ermənistan tərəfindən  işğal edilirdi. Siyasi hakimiyyətin zəifliyi, daxili parçalanma və qarşıdurmalar ərazi bütövlüyümüzlə yanaşı, müstəqilliyimizi də sual altında qoymuşdu. Məhz belə bir şəraitdə hakimiyyətə gələn Heydər Əliyev daxili gərginlik və qarışıqlığa son qoydu, siyasi hakimiyyəti möhkləmləndirdi. Ermənistanla atəşkəs sazişinin imzalanması ordu quruculuğu və iqtisadi tərəqqiyə daha ciddi köklənməyə, müstəqilliyin möhkəmlənməsi üçün digər vacib addımlar atmağa, diplomatik həmlələr həyata keçirməyə imkan verdi. Ölkəmiz dünya iqtisadiyyatına inteqrasiya edərək sürətli inkişaf yoluna qədəm qoydu. Hansı ki, biz hərbi-iqtisadi inkişafın nəticəsini 2020-ci ilin Vətən müharibəsində bütün əzəməti ilə müşahidə etdik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Silahlı Qüvvələrimiz Ermənistan ordusunu darmadağın edərək işğaldakı bütün torpaqlarımızı azad etdi.

Bu gün Qarabağın hər bir guşəsində, eləcə də Xocalıda, Şuşada, Xankəndidə Azərbaycan bayrağı dalğalanmaqdadır. Bu bayraq dövlətimizin gücü, əzəməti və müstəqilliyindən xəbər verir.

Mən bu böyük gün münasibəti ilə Azərbaycan xalqını, dünya azərbaycanlılarını və  müstəqilliyimizi öz zəfərləri ilə şanlandıran, daha da əzəmətli edən Prezident İlham Əliyevi təbrik edirəm. Əminəm ki, Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında daha da inkişaf edəcək, yeni-yeni uğurlar, qələbələrlə öz gücünə güc qatacaq!

Mən bu əziz, sevincli gündə vətənimizin müstəqilliyi, dövlətimizn ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizi də hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirəm. Nə qədər ki, Azərbaycan var, nə qədər ki Azərbaycan xalqı mövcuddur, şəhdilərimizin əziz xatirəsi də xalqımızla birlikdə yaşayacaq, hər zaman sevgi və minnətdarlıq hissi ilə xatırlanacaq”.

moderator.az

 

Xəbərlər